Ulvira: "Atam da, ərim də məni..."
4 Noyabr 2014 17:46
Aparıcı Ulvira Qarayeva sosial şəbəkədə geniş müzakirə mövzusuna çevrilən, eləcə də müxtəlif şayiələrə səbəb olan fotosu ilə bağlı mövqe.az-a açıqlama verib.
Sifətində qançır izinin əks olunduğu, böyük səs-küyə səbəb olan şəkilin, qadın zorakılığı qurbanlarına bir dəstək olaraq edilmiş qrim olduğunu bildirib. Özünün ailədə zorakılığa məruz qaldığını etiraf edən aparıcı bununla bağlı şok açıqlamalar verib: "Əslində, bu foto heç də mənim döyüldüyümü, şiddətə məruz qaldığımı əks etdirmir. Mən bunu "Evdəyik" verlişimdə müzakirəyə çıxaracağım qadın zorakılığına həsr olunan mövzunu aktuallaşdırmaq, ictimaiyyətin diqqətini bu həsas mövzuya çəkmək üçün ideya kimi fikirləşmişəm.
Belə qərara gəldik ki, təkcə aparıcı olaraq mən yox, verilişə qonaq çağırdıqlarım şəxslər də zorakılığa qarşı təbliğat aparmaq üçün bu cür qrimlənsin. Bu yaxınlarda bloger Şəfiqə Fərzəliyeva şiddətə qarşı aksiya keçirib. Düşündüm ki, biz məşhurlar da həmin xanımın bu addımını yüksək qiymətləndirməliyik. Həqiqətən də, bu gün Azərbaycanda, əsasən də bölgələrimizdə elə qadınlar var ki, onlara hədsiz zülm olunur. Həmin qadınlar da səslərini çıxartmırlar, sadəcə susub, otururlar. Amma mən həmin qadınlara məsləhət görərdim ki, qətiyyən susmasınlar dözməsinlər. Şiddətə, təzyiqə dözmək olmaz. Buna görə də bir günlük olsa belə, özümüzü həmin qadınların yerinə qoyaraq, cəmiyyətin diqqətini onlara yönəltməyə çalışdıq".
"Bəs özünüz necə, bir qadın kimi şiddətə məruz qalmısınızmı?" sualımıza aparıcı belə cavab verib: "Bəli, mən etiraf edirəm, mən də təzyiqə məruz qalmışam, döyülmüşəm. Ona görə də bu şeyi hamıdan yaxşı bilirəm. Əvvəl atam səhv tərbiyə metodlarından istifadə edirdi. Sonra isə həyat yoldaşım da məni döyüb. Amma həyat yoldaşımın cavabını mən layiqincə vermişdim. Sadəcə, onu deyim ki, qadın şiddətə məruz qalırsa, dözməsin, özü cavabını verə bilirsə, versin, verə bilmirsə, bunun üçün hüquq mühafizə orqanları var. Düzdü, ataya cavab vermək olmur, amma yoldaşın səni döyürsə, buna göz yummamalısan".
Milli.Az