Küveytin hakim ailəsinin üzvü BƏƏ-də ölüm cəzasına məhkum edildi
4 Noyabr 2014 17:42
Küveytdən olan iki tələbə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) otaq qonşularını öldürdüklərinə görə ölüm cəzasına məhkum ediliblər.
Tələbələrdən biri Küveyt Kral ailəsinin üzvüdür.
Trend-in məlumatına görə, bu barədə RİA Novosti Əmirliyin "The National" qəzetinə istinadən xəbər yayıb.
Şarca Əmirliyi Universitetinin Küveytdən BƏƏ-yə gələn 19 yaşlı tələbəsi fevralın 2-də otaq qonşularından aldığı zərbələrdən üç gün sonra hospitalda vəfat edib.
20 və 19 yaşlı iki müttəhimin onun ölümündə günahkar olduqları sübut edilib. Müttəhimlərin sözlərinə görə, onları cinayətə pulla bağlı yaranan mübahisə təhrik edib.
Bu cinayətdə adı keçən daha bir küveytli BƏƏ-ni vaxtında tərk edə bilib. Şarca prokurorluğu onun ekstradisiyası ilə bağlı sorğu göndərib.
Milli.Az