Hər ev alqı-satqısında iki min manat rüşvət tələbi

4 Noyabr 2014 16:53

MTK-lar "kupça" vermədiyi mənzil sahiblərinə qarşı cinayətə yol verir

İstər yeni binalarda, istərsə də fərdi yaşayış evlərində yaşayan vətəndaşlar uzun müddətdir ki, "kupça" problemi ilə qarşı-qarşıyadır. Mətbuatda yer alan statistik məlumatlara görə, son illərdə Bakıda tikilən yeni çoxmərtəbəli binalardakı mənzillərin yalnız üçdə birinin mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışı ("kupça") var.

Vətəndaşlar "ASAN Xidmət"dən "kupça" ala bilirlər. Xidmətə verilən səlahiyyətlərə əsasən, mərkəzdə mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin dövlət qeydiyyatını həyata keçirmək də mümkün olacaq. Əvvəllər "ASAN Xidmət" fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqları ilə bağlı heç bir fəaliyyət aparmırdı. Ancaq indi evlərin təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi prosesi həyata keçirilir. Prosesin bu qədər asanlaşmasına baxmayaraq, yeni binaların "kupça" problemi davam edir.
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən "anspress"ə verilən məlumata görə, hazırda Bakı şəhəri üzrə yeni tikililərin sayı 1100-dən artıqdır. Bunların təxminən 30 faizə qədəri artıq tam sənədləşdirilib. 20 faiz binada da tikinti başa çatdıqdan sonra sənədləşmə ilə bağlı heç bir problemin olmayacağı proqnozlaşdırılır. Yəni bu binalarda ilkin sənədlər - tikinti, layihə, smeta sənədləri qaydasındadır. Yeni tikilmiş binaların təxminən 50 faizinin sənədləri qaydasında deyil. Onlar istismar aktını almaqda çətinlik çəkirlər. Bina sakinləri buna görə mənzillərinə qeydiyyata düşə bilmirlər.

"4100 manat ödə, məsələni həll edək"

Yeni binalardakı mənzillərdə yaşayan vətəndaşlar sənədlərinin olmadığına görə bir çox problemlə üzləşirlər. Bu problemlərdən biri evin dəyişdirilməsi və ya satılması ilə bağlıdır. Məlumdur ki, "kupça"sı olmayan bina sakini öz evini həmin binada yaşayan başqa bir şəxslə dəyişmək istədiyi zaman mənzil tikinti korporativinin (MTK) sədrinə müraciət etməli, sənədləşmə işlərində dəyişikliklər edilməlidir. Ancaq sənədləşmə prosesində dəyişikliyin edilməsi heç də ucuz başa gəlmir.

Bakı sakini Tural Məmmədov deyir ki, təxminən 3 il qabaq tikinti şirkıtindən aldığı 2 otaqlı mənzili cari ilin yayında bir yaxın qohumunun 3 otaqlı mənzili ilə dəyişmək istəyib. Bu məqsədlə müraciət etdiyi şirkətin satış ofisindən onlara bildirilib ki, evlərin addan ada keçirilməsi, bir mənzil sahibinin digər şəxsə öz mənzilini satması, yaxud kiminsə adına keçirməsi üçün müqavilə dəyişməlidir. Bunun üçün də hər mənzilə görə 2050 manat məbləğində vəsait ödənməlidir: "Satış ofisinə müraciət edən zaman bizə bildirdilər ki, hər birimiz 2050 manat məbləğində vəsait ödəməliyik. Ümumilikdə 4100 manat edir. Dedilər ki, 4100 manatı ver həll edək. Təbii ki, öz razılığımız daxilində dəyişdirəcəyimiz evlər üçün bu məbləği ödəmədik. Ümumilikdə bu məbləğin nə məqsədlə, hansı qanuni əsasla istəndiyinə gəldikdə isə heç nə demədilər. Nəticədə mənzillərin dəyişdirilməsi baş tutmadı. Bu problemlə təkcə mən yox, başqa bir neçə tanışım da üzləşib. Çıxış yolu isə həmin məbləği ödəməkdən keçir. Yoxsa nə mənzili satmaq, nə də dəyişdirmək mümkündür".

Hüquqşünas Müzəffər Baxışov: "Pul vəsaitinin alınması tamamilə qanunsuzdur"

Hüquqşünas Müzəffər Baxışov "Bizim Yol" qəzetinə açıqlamasında bildirdi ki, qanunda belə bir qayda yoxdur. Hüquqşünas son zamanlar bu kimi xəbərləri tez-tez eşitdiyini deyir: "Əgər həmin mənzillər Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçsəydilər, həmin mənzillərin dəyişdirilməsində heç bir problem olmayacaqdı. Həmin şəxslər notariusa müraciət edəcəkdilər və öz mənzillərinin dəyişdirilməsi barədə müqavilə bağlayacaqdılar. Həmin müqavilə notarial qaydada təsdiq olunacaqdı. Bununla proseduru qanuni qaydada həyata keçirəcəkdilər. Nə qədər ki, həmin MTK tərəfindən tikilən bina dövlət komissiyası tərəfindən qəbul edilməyib, onlar korporativin üzvü kimi fəaliyyət göstərəcəklər. Həmin mənzillər onlara korporativə ödədikləri paylara uyğun olaraq verilmişdir".

M.Baxışov deyir ki, korporativ üzvləri öz paylarını qeyri-rəsmi şəkildə digər şəxslərə satan zaman onlardan 2000 manat vəsait tələb edilir. Bu pul da həmin qurumun sədrinin cibinə gedir: "Həmin proses nəticəsində korporativin sədri varlanır. Əslində bu qeyri-qanunidir. Hər hansı dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmayıb. Bu hərəkətlərə görə pul vəsaitinin alınması tamamilə qanunsuzdur. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan reallığıdır. Azərbaycanda bütün korporativlərdə həmin pul vəsaiti alınır. Sonra isə müvafiq rəsmiləşdirməni həyata keçirirlər".

Korporativ sədri qanunsuz əməlinə görə cinayət məsuliyyətinə cəlb edilməlidir

Hüquqşünas bildirdi ki, əslində korporativin nizamnaməsinə görə həmin mənzilin sahibi olan şəxslər korporativin üzvü olarsa, onlar, sadəcə, müəyyən rəsmiləşdirmə aparmaqla öz mənzillərinin dəyişdirilməsinə nail ola bilərlər: "Burada heç bir qanunsuz hərəkət yoxdur. Ancaq Azərbaycan reallığıdır. Ölkəmizdə bütün vəzifəli şəxslər başqalarının bədbəxtlikləri üzərində öz xoşbəxtliklərini qurduqlarına görə bu əməliyyat zamanı da korporativin sədri pul vəsaiti tələb edir. Sonradan həmin rəsmiləşdirmənin həyata keçirilməsinə razılıq verəcəyini deyir. Bunlar isə cinayət xarakterli hərəkətlərdir. Buna görə o, Cinayət Məcəlləsinin 311-maddəsinə görə (rüşvət almağa cəhd) cinayət məsuliyyətinə cəlb edilib, cəzalandırılmalıdır".

Tikinti üzrə ekspert Nüsrət İbrahimli də "Bizim Yol" qəzetinə açıqlamasında bildirdi ki, bu yanaşma düzgün deyil. Mövcud qanunvericiliyə görə, hər iki tərəf korporativin sədrinə ərizə yazmalıdır: "40 gün ərzində korporativ ərizəyə baxıb, cavablandırmalıdır. Məsələnin həllində maraqlı olmalıdır. Rəsmi müraciət edib müsbət cavab almadıqda məhkəməyə müraciət edə bilərlər. Təbii ki, qanunvericilik vətəndaşların tərəfindədir".

Milli.Az