Azərbaycan məktəblərinə soyuqla gələn problem

4 Noyabr 2014 16:21

Dağlıq rayonlara qışın vaxtından tez gəlməsi məktəblərin istilik məsələsini günədəmə gətirib. Şamaxıda bəzi məktəblərdə istilik sistemi işə salınsa da, buna hazır olmayan məktəblər də var. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Şamaxıda məktəblərin qış vaxtına keçməsi 4 gün əvvəl baş tutub. Səbəb qışın rayona vaxtından tez gəlməsidir.

Artıq bəzi məktəblərdə istilik sistemləri qoşulub, sinif otaqları normal temperaturla təmin olunub. Rayonun bəzi məktəblərində istilik sistemi hələ də yoxdur. Belə məktəblərdən biri də 10 saylı məktəbdir. Təhsil ocağında dizel çatışmazlığı səbəbindən uşaqlar soyuq otaqlarda dərs keçməyə məcbur olublar. Şəhər 9 və 10 saylı məkdəblərin də istiliklə bağlı problemləri var. Mövcud problemin tez bir zamanda həll ediləcəyi bildirilir.

Rayon üzrə 72 təhsil ocağı var ki, bunun da 47-i odunla qızdırılır. Artıq yerli büdcədən ayrılmış yanacaq pulu Meşə Təsərrüfatı İdarəsinin balansına köçürülüb. Odun tədarükü görülüb və məktəblərin anbarlarına yığılıb. Qeyd edək ki, Şamaxıda 11 məktəb dizel yanacağı, 3 məktəb elektrik enerjisi, qalan məktəblər isə qazanxana və digər sistemlərlə qızdırılır.

Milli.Az