Qaraçuxurda vətəndaşlara ağac təhlükəsi
4 Noyabr 2014 15:36
Gövdəsi zədəli ağacın kəsilməsi üçün aidiyyəti qurumlara müraciət edilsə də, buna məhəl qoyan yoxdur
Bakının Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsi 1/5 ünvanında yaşayan Firdovsi Vəliyev ""Yeni Müsavat""a müraciət edib. Onun sözlərinə görə, yaşadığı evin həyətində hündür, yaşıötmüş, gövdəsi zədəli olan qovaq ağacı təhlükəli vəziyyət yaradıb.
Şikayətçi deyir ki, hər dəfə güclü külək olanda ağac evə zərər vurur. F.Vəliyev bildirir ki, yaşadığı evin divarını partladıb, qonşuluqda olan uşaqlar üçün də təhlükə yaradır:
"Qonşular ərazidən keçməyə qorxurlar.
Hər an ağac aşıb evlərin üstünə yıxıla bilər. Sonuncu dəfə noyabrın 3-ü gecə saatlarında güclü külək az qala ağacı evin üstünə aşıracaqdı. Bu vəziyyətlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişəm.
Meriyadan aidiyyəti üzrə məni Bakı Şəhər Yaşıllaşdırma İdarəsinə göndərdilər.
Onların mütəxəssisləri yerində baxış keçirdilər və ağacın təhlükəli olduğunu, kəsilməsinin vacibliyini qeyd elədilər. Rəsmi ekspertizanın rəyini ilə təsdiqlədilər. Ekspertiza rəyinin verilməsindən 9 ay keçməsinə baxmayaraq, gəlib ağacı kəsmirlər".
Şikayətçi bildirir ki, həyətdə uşaqlar oynayırlar və orada belə bir ağacın olması onların həyatına təhlükədir: "Mən Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə də zəng etmişəm. Onlar bildirdi ki, qəza baş verməsə heç bir tədbir görə bilmərik. Odur ki, Allahın ümidinə qalmışıq".
Bakı Yaşıllaşdırma İdarəsindən "Yeni Müsavat"a bildirildi ki, ağacın kəsilməsi üçün Bitkilərin Mühafizə İdarəsinə müraciət edilməlidir.
Milli.Az