Ramil Usubov generalı işdən çıxardı - YENİLƏNİB - TƏFƏRRÜATLAR

4 Noyabr 2014 17:18

17:18

Daxili işlər naziri Ramil Usubovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Rafiq Abbasov vəzifəsindən azad edilib və DİN-in Baş Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Nazirin digər əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Mirqafar Seyidov təyin edilib.

Nazirin başqa bir əmri ilə Quba Rayon Polis Şöbəsinin rəisi Seyfulla Əzimov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi təyin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti hər üç təyinatı təsdiqləyib.


---------
15:02


Daxili işlər orqanlarında kadr dəyişikliyi həyata keçirilib.

APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Bundan başqa, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov tutduğu vəzifədən azad edilərək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin edilib.

Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev isə tutduğu vəzifədən azad edilərək, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi təyin olunub.

Quba Rayon Polis Şöbəsinin rəisi Seyfulla Əzimov isə Nəsimi Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi Lətif Cahangirov isə tutduğu vəzifədən çıxarılaraq Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsinə rəis göndərilib.

Məlumatı DİN-in mətbuat xidməti ilə dəqiqləşdirmək mümkün olmayıb.

---------
14:11

Daxili işlər naziri Ramil Usubovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Rafiq Abbasov vəzifəsindən azad edilib.

Bu barədə qafqazinfo-ya məlumat DİN-dən daxil olub. Məlumata görə, R. Usubov Bakı polisinin yeni rəisi vəzifəsinə "bandotdel"in rəisi general-mayor Mirqafar Seyidovu təyin edib.

Nazirin digər əmri ilə R. Abbasova yeni təyinat verildiyi bildirilir. Hələ ki, onun hansı vəzifəyə təyin olunması ilə bağlı dəqiq məlumat olmasa da, Abbasovun Nazirliyin Kadrlar İdarəsinin və ya "bandotdel"in rəisi təyin edildiyi deyilir.

Qeyd edək ki, R. Abbasov Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərovun bacanağıdır.

***

Məlumatlara görə, DİN sistemində daha böyük dəyişiklik də var. Belə ki, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin də yüksək vəzifəyə təyinat aldığı bildirilir.

Milli.Az