AFFA-dan "Araz-Naxçıvan"a cavab

4 Noyabr 2014 14:21

"Araz-Naxçıvan"ın dağılacağına inanmıram. Onlar Premyer Liqada yollarına davam edəcəklər". Milli.Az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov deyib.
  

"Araz-Naxçıvan" klubu rəsmi saytı vasitəsilə yaydığı məlumatda fəaliyyətini dayandırmasına səbəb kimi, çempionat oyunlarında üzləşdikləri hakim haqsızlığını göstərib. HK sədri isə Naxçıvan təmsilçisinin ittihamlarının heç bir məntiqə sığmadığını deyib: "Sübut etsinlər ki, hansısa oyunda hakim sırf onlara qarşı qərəzli mövqe tutub. Hakimlərin səhvləri olur və bu, bütün klubların oyununda baş verə bilər. "Qarabağ"la görüşdəki penalti epizoduna görə fəaliyyətlərini dayandırırlar? Həmin epizodu bütün Azərbaycan gördü, 11 metrlik cərimə zərbəsi zamanı verilən qərar düzgün idi. "Araz-Naxçıvan"ın futbolçusu açıq-aşkar əllə oynamışdı. Dünyanın heç bir ölkəsində, heç bir klub hakim haqsızlığını iddia edib fəaliyyətini dayandırmayıb. Bu, hansı məntiqə sığır?"
 

Məmmədov "Araz-Naxçıvan"ın "Sumqayıt" və "Qəbələ" ilə oyunlarda hakim tərəfindən haqsızlığa məruz qalmasını iddia etməsinə də aydınlıq gətirib: "Konkret hansı epizoddursa, desinlər. Bir dəfə bizə müraciət ediblər ki, filan oyunda referi bizə qarşı səhv etdi. Ona da baxmışıq. Heç bir səhv İntizam Komitəsinin gözündən yayınmır. Sizə deyim ki, onların fəaliyyətini dayandırmasının səbəbi hakimlər deyil. Bu söhbətə heç inanmaq lazım deyil. İndi "Araz-Naxçıvan" klubunun rəhbərliyi ilə danışacam. Ondan sonra hər şeyə aydınlıq gələr".

Milli.Az