AXCP-dən kütləvi istefa verənlər haraya getdilər?
4 Noyabr 2014 13:42
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şəhər şöbəsindən istefa verənlər Klassik Xalq Cəbhəsi Partiyasına (KXCP) üzv olmaq üçün müraciət ediblər.
Bu barədə APA-ya AXCP Sumqayıt şəhər şöbəsinin sabiq sədri Kəmaləddin Rəhimov məlumat verib. O qeyd edib ki, istefa verən 52 üzvdən 48-i KXCP-yə üzv olmaq üçün partiyanın müvafiq qurumuna müraciət edib.
KXCP sədrinin müavini Xəzər Teyyublu isə APA-ya bildirib ki, bu barədə partiyanın təşkilat şöbəsi məlumatlandırılıb, müraciət edənlərin üzvlük qeydiyyatının aparılması barədə göstəriş verilib: "Onlar partiyanın Sumqayıt şəhər təşkilatına müraciət ediblər. Burada müvafiq prosedur aparılacaq".
Xatırladaq ki, AXCP üzvlərinin istefasına səbəb K.Rəhimova qarşı aparılan kampaniyadır. Yayılan bəyanatda qeyd olunur ki, şöbəyə İsa Qurbanovun sədr seçilməsindən sonra yeni sədrlə sabiq sədr K.Rəhimov arasında narazılıq yaranıb.
Milli.Az