"Zavod ana"nın körpələri

4 Noyabr 2014 12:41

Azərbaycanda körpələr daha çox süni uşaq qidaları ilə qidalanırlar

Azərbaycana ötən il xarici ölkələrdən ümumi məbləği 21 milyon 595,8 dollarlıq 2870,2 ton uşaq qidası idxal olunub. Uşaq qidasının keyfiyyəti ilə bağlı ölkədə aidiyyəti qurumlar tərəfindən lazımi tədbirlər görülsə də, konkret nəticələr barədə müxtəlif fikirlər səsləndirilir. Ümumiyyətlə, uşaq yeməklərinin təhlükəsizliyi məsələsi beynəlxalq aləmdə aktual mövzu kimi qalır. Çünki dünya üzrə uşaq ölümündə süni qida məhsullarının payı az deyil.

Anspress-in məlumatına görə, Azərbaycana süni uşaq qidaları daha çox Rusiya, İordaniya, Türkiyə, Almaniya, İsveçrə, Sloveniya və digər Avropa dövlətlərindən gətirilir. Ölkədə uşaq qidaları çox az istehsal olunur.

Dövlət Statistika Komitəsinin uşaq qidasının idxal və ixracına dair məlumatında bildirilir ki, 2011-ci ildə uşaq yeməkləri, pərakəndə satış üçün çəkilib bükülmüş halda xarici ölkədən 2199,1 ton, yəni 17 milyon 675,2 milyon dollarlıq idxal olunub. 2012-ci ildə idxal 2351,1 ton (artım 152 kq), yəni 18 milyon 947,5 milyon dollar təşkil edib. İxrac isə cəmi 209,4 min dollar olub. Ötən ildə isə idxal 2012-ci illə müqayisədə yarım ton (519,1 kq) artıb, bu da 2 milyon 648,3 milyon (21 milyon 595,8) çox deməkdir.

Ümumiyyətlə, Azərbaycanda körpə və azyaşlı uşaqların ana südü ilə qidalandırılmanın təmin olunması üçün dövlət səviyyəsində, o cümlədən Səhiyyə Nazirliyi tərəfindən tədbir həyata keçirilib. Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı (2010-2015) təsdiq edilib. Bu proqramda nəzərdə tutulmuş Perinatal Mərkəzlər Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Quba, Sabirabad fəaliyyət göstərir.

Tibb Universitetinin Qidalanma və kommunal gigiyena kafedrasının müdiri, respublikanın əməkdar müəllimi İbrahim Əhmədov deyib ki, körpələrin qidalanması məsələsi kifayət qədər aktual bir problemdir.
Uşaqların sağlamlığı, böyümə və inkişafları, gələcəyi və ömür uzunluğu bilavasitə onların düzgün qidalanmaları ilə bağlıdır. Körpələr üçün ən ali qida ana südüdür. Heç nə ana südünün məziyyətlərini əvəz edə bilməz. Təəssüf ki, çox vaxt ya anaların südü olmur, ya da onun südü uşağa kifayət etmir.

Belə olan halda körpələrin qidalanması üçün yeganə qida vasitəsi "İstehsal üsulu ilə hazırlanan ana südü əvəzediciləri" hesab olunur. Çünki bu qidalar uşaq orqanizmində maddələr mübadiləsinin incəlikləri nəzərə alınmaqla elmi əsaslarla hazırlanır. Lakin unutmaq olmaz ki, bu qarışıqlar uşağın inkişaf müddəti (həftələr-aylar) nəzərə alınmaqla tərtib olunur. Ona görə də hər bir körpə üçün hansı ana sudü əvəzedicisinin verilməsi ancaq pediatrlar tərəfindən təyin edilməlidir.

Uşaq qidalarının ticarətində sanitariya-gigiyenik tələblərə ciddi riayət edilməlidir. Ancaq unudulmamalıdır ki, körpələrin həyatı bu qidalardan asılıdır və bu sahədə ən vacib nəzarət forması hər bir xidmət sferasında çalışan şəxsin öz vicdanıdır.

O söyləyib ki, digər vacib yanaşma, istər ticarət şəbəkəsində, istərsə də məişətdə bu qarışıqların düzgün daşınma və saxlanması, istehlak müddətinə riayət edilməsi, eləcə də onların düzgün hazırlanması və vaxtında yedizdirilməsidir. Uşaqlar üçün ən əlverişli ana südüdür. Əgər 6 aydan, 1 ildən sonra ana südü kəsilərsə, uşaqların qidalanması pediatrların məsləhəti ilə aparılmalıdır. Yemək uşaqlara yaş qrupuna uyğun verilməlidir. Bu gün Azərbaycanda südəmər uşaqların 70-80 faizi süni qidalanır.

Onun sözlərinə görə, süni qidalar bəzən uşaqlarda, körpələrdə mədə-bağırsaq, böyrək xəstəliklərinə yol açır, körpələr artıq çəki problemi ilə üzləşirlər. Ona görə də süni qidaların satışına və reklamına nəzarət mexanizmi gücləndirilməlidir. Bu, xarab olan məhsullar qrupuna aid olduğundan başlı-başına buraxmaq olmaz. Süni qidalar 25 dərəcə temperaturdan aşağı xüsusi ixtisaslaşdırılmış dükanlarda satılmalıdır. Bəzən apteklərdə, dükanlarda, yay aylarında isti hava şəraitində satıldığı, müddət vaxtının gizlədildiyi halları da olur.

Bir sözlə, keyfiyyətli uşaq qidası gələcək nəslin sağlamlığının təminatçısıdır. Bu baxımdan gələcəyin insan kapitalına - körpələrin düzgün qidalanmasına biganə yanaşmaq cinayətdir.

Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov da körpələrin diş çıxaranadək, yəni 1 yaşədək süni qidalarla yox, ana südü ilə qidalanmasının çox vacib olduğunu deyib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi uşaq yeməklərinə mütəmadi dövlət nəzarətini həyata keçirir, onun tərkibi və keyfiyyəti ilə bağlı vaxtaşırı monitorinqlər aparır. Ölkəyə idxal olunan süni uşaq qidası satışa çıxarılmazdan əvvəl məhsulun laborator müayinəsi aparılır.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib ki, bu məsələ birbaşa uşaqlarla bağlı olduğu üçün xüsusi diqqət yetirilir, istehlak bazarında mütəmadi olaraq dövlət nəzarəti tədbirləri keçirilir. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən marketlərdə uşaq qidaları "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" Qanuna uyğunluğu daim araşdırılır, vaxtı keçmiş uşaq qida məhsulları ilə bağlı yoxlamalar aparılır. Belə ki, ötən ildə 50 kiloqrama yaxın vaxtı keçmiş məhsul aşkarlanıbsa, bu ilin ötən dövründə 10 kiloqramdan çox olub.

A.Əliyevin fikrincə, Azərbaycana gətirilən süni uşaq qidalarının keyfiyyəti ilə bağlı ciddi problem yoxdur. Onların qiymət məsələsi sərbəstdir. Bunu bazar müəyyənləşdirir.

Xatırladaq ki, körpə və azyaşlı uşaqların qidalanmasının qiymətləndirilməsi, uşaq ölümünün azaldılması minilliyin inkişaf məqsədlərindən biridir. Bu məqsəd 1990-cı ildən 2015-ci ilə kimi 5 yaşa qədər uşaqlar arasında ölümün üçdə iki dəfə azaldılmasından ibarətdir. Son tədqiqatlar göstərib ki, döşlə qidalandırmanın uşağın dünyaya gəlməsindən sonra 1 saat ərzində başlanması neonatal ölüm riskinin təqribən 3 dəfə azaldılmasına kömək edir. Altı aya qədər yalnız döşlə qidalandırılma 5 yaşa qədər uşaqlarda ölüm hallarının 13-15%-nin qarşısını ala bilər. Yeddi aydan başlayaraq müvafiq əlavə qidanın verilməsi ilə bərabər, döşlə qidalandırmanın 2 yaşa qədər və daha artıq davam etdirilməsi ölüm riskini 6% və daha çox azalda bilər.

Milli.Az