Bakı məktəbində qadağan olunmuş dərman - VİDEO

4 Noyabr 2014 11:26

Bu həblər heç bir gigiyenik norma gözlənilmədən məktəblilərə verilib

Səhiyyə Nazirliyi qurd xəstəlikləri ilə mübarizəyə başlayıb.

ANS TV-nin məlumatına görə, Səhiyyə Nazirliyinin poliklinikaları tərəfindən 1-5-ci sinif şagirdlərinə qurd əleyhinə həblər tövsiyyə edilib.

Hövsan qəsəbəsi 280 saylı orta məktəbdə 1-5-ci sinif şagirdlərinin valideynləri gözlənilmədən belə bir xəbərdarlıq alıblar ki, uşaqlarınıza bu həblərdən verin. Məktəb qapısında rast gəlinən elanda valideynlərin nəzərinə çatdırılır ki, həblər Səhiyyə Nazirliyinin 95 saylı əmrinə əsasən, təhsil ocaqlarında ibtidai sinif şagirdlərinə təyin edilib. Onlar helmentozların - yəni qurd xəstəliklərinin profilaktikası üçündür.

Maraqlıdır ki, həblər açıq şəkildə, heç bir gigiyenik normalar gözlənilmədən valideyinlərə və məktəblilərə verilib. Valideynlərə tapşırılıb ki, həftəsonu uşaqlar onları evdə qəbul etsinlər. Lakin bu dərmanların tərkibi, qəbul qaydaları və əks göstərişləri barədə valideynlərə heç bir məlumat verilməyib. Üstəlik, bu həblərin yararlılığa istifadə müddəti də naməlumdur.

Adıçəkilən məktəbin direktoru Nizaməddin Ağayev deyir ki, sinif rəhbərlərinə sinifdəki şagirdlərin sayı qədər həblər verilib.

Məktəbə maneəsiz yol tapan bu preparatları isə ərazi üzrə 16 saylı poliklinikanın işçiləri paylayıblar. Təkcə Hövsan qəsəbəsində 4700 ədəd belə həb paylanacaq.

Şöbə müdiri Sevda Hüseynova bildirib ki, keçən il əhalinin məcburi müayinəsi zamanı onların çoxunda qurd aşkar olunmuşdu.

Tibbi ekspertlər isə hesab edirlər ki, qurd əleyhinə istifadə olunan preparatların əks reaksiyalarına tez-tez rast gəlindiyi üçün onların xüsusilə uşaqlar tərəfindən müayinəsiz qəbulu risklidir.

Məktəblilərə paylanan bu həblərin nə dərəcədə təhlükəli olduğunu öyrənmək üçün Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən bildirildi ki, təhsil ocaqlarında bu həblərin paylanmasından xəbərləri var. Hətta bu dərman preparatları digər dövlət orqanı - Səhiyyə Nazirliyi tərəfindən verildiyi üçün təhsil ocaqlarına girişə və xüsusi yoxlamalara, göstərişlərə də lüzum görülməyib.

Səhiyyə Nazirliyinə müraciətdən alınan cavablar isə vəziyyətin düşünüləndən də ciddi olduğu ortaya çıxdı. Sən demə, qurd xəstəliyi təkcə Bakı deyil, bütün respublikada geniş yayılıb. Ölkə apteklərində satışına icazə verilməyən "Albendozol" adlı bu həblər məktəblərdə Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının birgə həyata keçirdiyi proqram əsasında xüsusi şərtlərlə paylanır. Həb məktəbliyə təhsil ocağında, valideynin yanında onun icazəsi ilə yalnız tibb bacısı tərəfindən verilə bilər. Qaydalara əməl etməyən səhiyyə müəssisələri və işçiləri haqqında isə xüsusi araşdırmalara başlanacaq.

Bu proqramın tətbiqi 2-mərhələli şəklində həyata keçiriləcək. İlk mərhələ noyabrın 15-dək davam edəcək. İkinci mərhələ isə gələn ilin aprelindən başlanacaq. Preparatlar Bakıda və ölkənin 18 rayonunda yerləşən bütün məktəblərin ibtidai sinif şagirdlərinədə veriləcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото