Azərbaycanda doğuşda ölən qadının ailəsindən ittiham - YENİLƏNİB - FOTO

4 Noyabr 2014 13:15
13:15

Ötən gün axşam saatlarında doğuş zamanı ölən qadının iki övladı qalıb. Anspress-in verdiyi məlumata görə, 1978-ci il təvəllüdlü, Qusar rayon sakini Zərnişan Dəmir qızı Aslanova 10 gün öncə doğuşla bağlı olaraq Quba Rayon Perinatal Mərkəzinə göndərilib. Ona göndəriş Qusar Rayon Mərkəzi Xəstəxanasından verilib.

Z.Aslanova Qusar rayonunun Filoba kənd sakini olub. Onun 15 yaşlı qızı, 17 yaşlı oğlu olub.
Noyabrın 2-də axşam saatlarında isə o, 3-cü övladını dünyaya gətirib.

Ailə qadının ölümündə həkimləri günahlandırır. Belə ki, onların sözlərinə görə, doğuş normal keçib. Lakin onlara xəstəni görməyə icazə verilməyib. Ötən gün onlar yenidən xəstəxanaya getsələr də Z.Aslanovanı görə bilməyiblər.

Ailə üzvləri evə qayıdanda onlara xəstəxanadan zəng edərək xəstənin vəziyyətinin pisləşdiyi deyilib.

İddialara görə, qadın ailənin icazəsi olmadan əməliyyat edilib və uşaqlığı çıxarılıb.

Qeyd edək ki, bu son bir ayda Qubada ikinci, ilin əvvəlindən isə üçüncü belə hadisədir.

---------
10:42

Azərbaycanda doğuş zamanı ana ölümü qeydə alınıb.

APA-nın verdiyi məlumata görə, hadisə ötən gün Quba Regional Perinatal Mərkəzində baş verib. Doğuş zamanı dünyasını dəyişən şəxs Qusar rayon sakini, 1978-ci il təvəllüdlü Aslanova Zərinşah Dəmir qızıdır.

Quba Mərkəzi Rayon Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev APA-ya bildirib ki, doğuşdan sonra xəstədə qanaxma yaranıb və qadının üzərində cərrahiyyə əməliyyatı aparılıb. Əməliyyatdan 16 saat sonra Z. Aslanovanın vəziyyəti yenidən pisləşib və onu xilas etmək mümkün olmayıb.

Baş həkimin sözlərinə görə, dünyaya gələn oğlan uşağı tam sağlamdır, həyatı üçün heç bir təhlükə yoxdur. İ.Mirzəliyev onu da deyib ki, bu, mərhumun 3-cü doğuşu olub.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

---------
13:15

Böyütmək üçün şəkillərə klikləyin.