Trend agentliyi Azərbaycan dilində saytın yenilənmiş versiyasını təqdim edir

4 Noyabr 2014 10:12
Trend Beynəlxalq İnformasiya Agentliyi oxucularına Azərbaycan xəbərlər xidmətinin saytının (http://az.trend.az/) yenilənmiş versiyasını təqdim edir.

Yeni dizayn oxucular üçün saytda yerləşdirilmiş xəbərlərə və digər materiallara daha asan giriş imkanı yaradır. Saytın yenilənməsi zamanı dizayn elementləri ilə yanaşı, yükləmələrin sürəti üzrə də dünyanın aparıcı informasiya agentliklərinin tətbiq etdiyi nailiyyətlərdən istifadə olunub.

Yenilənmiş sayt bütün stasionar və mobil qurğularda əlçatandır.

Əvvəlki versiyadan fərqli olaraq, saytda artıq "Xəbər lenti" istifadəyə verilib. Yeniliklərdən biri də oxuculara yeni rubrikaların təqdim olunmasıdır.

1995-ci ildə Azərbaycanda yaradılmış Trend müstəqil informasiya agentliyi Cənubi Qafqazda və Xəzər regionunda, eləcə də Mərkəzi Asiyada aparıcı xəbər tədarükçüsüdür. Agentliyin bazası əsasında Trend Ekspert Şurası yaradılıb. Şuranın tərkibinə region və Qərb ölkələrinin 40-a yaxın tanınmış müstəqil eksperti daxildir.

2010-cu ildə Trend Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv qəbul edilib. Trend 2006-2007-ci illərdə Azərbaycanda "KİV sahəsində ən yaxşı şirkət" seçilib. Trend "İlin eksklüziv informasiya agentliyi" nominasiyasında "Brand Award Azerbaijan-2008" milli mükafatına layiq görülüb. Avrasiya Televiziya və Radio Akademiyası 2008-ci ildə Trend-i RİA Novosti agentliyi ilə birlikdə "Avrasiyada daha dinamik inkişaf edən resurs" hesab edib.

Trend-in tərəfdaşları sırasında Deutsche Press Agentur (Almaniya), Xinhua (Çin), Cihan (Türkiyə), IRNA dövlət agentliyi (İran), RİA Novosti (Rusiya), Deutsche Welle (Almaniya), RosBusinessConsulting (Rusiya), Afghan Voice Agency (Əfqanıstan), Yonhap (Cənubi Koreya), Kavkaz-press (Gürcüstan), "Maghreb Arab Press" Mərakeş Dövlət Agentliyi, BELTA Belarus Teleqraf Agentliyi, "Hovar" (Tacikistan), BTA (Bolqarıstan), "Ukrinform" (Ukrayna), "Kazinform" (Qazaxıstan), "Montsame" (Monqolustan), "Agerpress" (Rumıniya), "SANA" (Suriya), "Jahon" (Özbəkistan), "Kabar" (Qırğızıstan) və digərləri var.

Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistanda, həmçinin bir sıra Avropa ölkələrində daimi müxbirlərə malik olan Trend Azərbaycan, ingilis, rus, ərəb və fars dillərində gündə təxminən 500 məqalə dərc edir.

Trend-in tərkibində Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində xəbər xidmətləri fəaliyyət göstərir. Xidmətlər ölkələrin və regionların xəbərlərini uyğun dil auditoriyasının bu hadisələrə ən böyük diqqəti kontekstində istehsal edir.

Trend öz müştərilərinə əsas siyasi, iqtisadi hadisələri işıqlandıran yüksək keyfiyyətli multimedia materiallarını, analitik hesabatları və tematik məqalələri, həmçinin ən yaxşı ekspertlərin maliyyə məqalələrini təklif edir.