I qrup Qarabağ əlili icra hakimiyyətinin önündə dilənir

4 Noyabr 2014 10:01

Mingəçevirdə yaşayan I qrup Qarabağ əlili Nizami Daşdəmirov Mingəçevir Şəhər İcra Hakimiyyətinin binasının qarşısında etiraz aksiyası keçirib

Milli.Az xəbər verir ki, bu barədə virtualaz.org saytına Qarabağ əlilinin yaxınları məlumat veriblər.

Əlil bir vərəqə dolana bilmədiyini, buna görə də özünü öldürmək istədiyini yazaraq icra hakimiyyətinin binası qarşısında oturub.

Nizami Daşdəmirovun yaxınları onu da bildirdilər ki, Qarabağ əlili hər iki ayağını itirib. 2004-cü ildə onun sağ ayağını dizdən aşağı kəsiblər. Sonradan isə sol ayağından barmaqlarını, dabanını, pəncəsini kəsiblər. Lakin vəziyyəti yenidən pisləşib və sol ayağını da kəsiblər.

N.Daşdəmirov şəkər xəstəsdir. Onun iki oğlu, bir qızı var. Maddi imkanı olmadığından ailəsini dolandıra, müalicə oluna bilmir. O, vəziyyətinə görə yerli məmurları günahlandırıb.

Mingəçevir Şəhər İcra Hakimiyyətindən virtualaz.org saytının sorğusuna cavab olaraq Qarabağ əlilinin aksiyasına münasibət bildirdilər.

Adını və vəzifəsini söyləməkdən imtina edən icra hakimiyyətinin əməkdaşı N.Daşdəmirovun ərizələrinə baxıldığını dedi: "Nizami Daşdəmirov Qarabağ əlili kimi 140 manat təqaüd alır. Ona ayrıca təxminən 130 manat da prezident təqaüdü ödənilir. Son müraciətində hesablamışdıq, 280 manata yaxın aylıq gəliri var. İcra hakimiyyətində işləyənlərin çoxu, o cümlədən mən də 280 manat maaş alırıq. Bəs necə olur ki, Nizami Daşdəmirov dolana bilmir, biz dolana bilirik?"

İcra hakimiyyətinin nümayəndəsi qeyd etdi ki, N.Daşdəmirov sonuncu dəfə ayaqlarına protez düzəltdirmək üçün maddi yardımla bağlı müraciət edib: "Yazmışdı ki, protez düzəltdirmək üçün 300 manat ödəyək. Ona dövlət tərəfindən pulsuz protez veriləcək. Dedik ki, bir qədər gözləsin. Bundan əvvəl də maddi yardımla bağlı müraciəti olmuşdu və bələdiyyəyə ünvanlamışdıq. Deyəsən, bələdiyyə də kömək etmişdi. Evi var, təqaüd alır, amma niyə narazılıq etdiyini bilmirik. Mingəçevirdə 120 nəfər I qrup Qarabağ əlili yaşayır. Onların hamısı pensiya və prezident təqaüdü alır, yaşayışlarından narazı deyillər, hər cür qayğı görürlər. Nizami Daşdəmirov icra hakimiyyətinə gələndə hörmətlə qarşılayırıq. Niyə narazılıq edir?"

Milli.Az