Bakıdakı "yaşıl terror"la bağlı nazirlikdən sərt cəza

4 Noyabr 2014 09:50

"Xətai rayonu İnqilab İsmayılov küçəsi 3B ünvanında ağac kəsilməsi faktı ilə əlaqədar nazirliyin əməkdaşları hadisə yerində araşdırma aparıblar"

Milli.Az bildirir ki, bunu aktual.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

O deyib ki, araşdırma zamanı sözügedən ünvanda Quliyev Araz İman oğlu adına 0,4 hektar torpaq sahəsində yüksək mərtəbəli yaşayış binasının tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış olduğu, lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin ekspertiza rəyi olmadığı aşkar olunub:

"Sözügedən əraziyə baxış zamanı ərazidə müxtəlif cinsli ağacların kəsildiyi məlum olub. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Azərbaycan respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə görə, təqsirkar şəxs olan Quliyev Araz İman oğlu törətdiyi inzibati xətaya görə 19 min 200 manat məbləğində cərimə edilib".

Xatırladaq ki, bu ərazidə ağacların qanunsuz kəsilməsi ilə bağlı musavat.com-a millət vəkili İqbal Ağazadə məlumat verib. O bildirib ki, seçiciləri yaşayan Xətai rayonu, İnqilab İsmayılov küçəsinə gedib: "Bu küçənin 3, 4 və 5-ci binalarının sakinləri gecə saatları olmasına baxmayaraq, ayağa qalxıblar. Buna səbəb ərazidəki çoxillik ağacların ekskavatorlarla kökündən çıxarılmasıdır. Təxminən 20 böyük ağacı məhv ediblər. Etiraza qalxan sakinlərə polis müdaxiləsi olub. Hazırda ərazinin polis rəisi də buradadır. Onunla danışdıq, saxlanan sakinlər buraxıldılar. Lakin insanların həyəcanı davam edir".

Milli.Az