"Azərbaycan–Macarıstan mətbəxi" kitabının təqdimatı olub - FOTO
3 Noyabr 2014 22:40
Xalqları bir-birinə tanıdan, sevdirən dəyərlərdən biri də mətbəx mədəniyyətidir. Hansı xalqın mətbəxi daha qədim və zəngindirsə onun dünyada daha geniş coğrafiyada tanınmaq şansı da bir o qədər böyükdür. Son illər mətbəx mədəniyyətinin təbliği, tanınması istiqamətində ciddi işlər görülür, festivallar keçirilir, yeni nəşrlər hazırlanır. Bu baxımdan Heydər Əliyev Fondunun, Heydər Əliyev Mərkəzinin və Macarıstanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə çap olunan və noyabrın 3-də təqdimatı keçirilən "Azərbaycan-Macarıstan mətbəxi" kitabı da təqdirəlayiqdir.
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, kitabın təqdimatı ilə bağlı keçirilən mərasimdə Azərbaycan ilə Macarıstan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişaf etdiyi bildirildi, Heydər Əliyev Fondunun beynəlxalq layihələr çərçivəsində Macarıstanda da bir sıra layihələr reallaşdırdığı qeyd olundu, bu il bu ölkədə əlil uşaqlar üçün yeni reabilitasiya korpusunun təməlinin qoyulduğu vurğulandı.
Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələri yüksək qiymətləndirdi. Səfir dedi ki, Azərbaycan və macar dillərində işıq üzü görən nəşrdə hər iki xalqa məxsus milli yeməklər, zəngin mətbəx nümunələri barədə ətraflı məlumatlar verilir.
Azərbaycan mətbəxinə böyük sevgi ilə yanaşdığını deyən diplomat vurğuladı ki, bu sevgi onu ölkəmizə daha çox bağlayıb.
"Azərbaycanda Macarıstanı yaxşı tanıyırlar", - deyən səfir qeyd etdi ki, ikitərəfli münasibətlərin inkişafı çoxsaylı yüksək səviyyəli səfərlərlə bağlıdır.
Diplomat dedi: "Azərbaycan-Macarıstan mətbəxi barədə ilk kitabı tərtib etmək mənim üçün çətin olmadı. Mən həm yeməyi, həm də bişirməyi xoşlayıram və həmçinin bir-birinə çox yaxın olan Azərbaycan və macar mətbəxini hədsiz dərəcədə sevirəm".
Səfir kitabın hazırlanmasında böyük dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirdi.
Tədbirdə ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto qonaqlara macar mətbəxi nümunələrinin dadına baxmağı tövsiyə etdi və bildirdi ki, o özü də Azərbaycan mətbəxinin təamlarından dadacaq.
Azərbaycana beşinci dəfədir ki, səfər etdiyini deyən nazir bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələr dinamik inkişaf edir. Ölkələrimizi və xalqlarımızı dostluq münasibətləri bağlayır, bir çox ortaq xüsusiyyətlərimiz var və bu, sevindirici haldır. Macarıstanlı nazir kitabın nəşrini iki ölkə arasında olan dostluq əlaqələrinə töhfə kimi dəyərləndirdi və vurğuladı ki, yeni nəşri oxuyan hər bir kəs hər iki xalqı daha yaxından tanıyacaq və sevəcək.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Foto: AzərTAc