"Qırmızı Bağ" Gəncədə...

3 Noyabr 2014 20:49
Əsas çəkilişləri Şəkidə aparılan "Qırmızı Bağ" bədii filminin son kadrlarının çəkilişi Gəncədə reallaşıb.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, film adından da göründüyü kimi, yarpaqların qızardığı payız mövsümünə təsadüf edir. Ekran əsərində insanın öz eqoizminə necə qalib gəlməsi sərgilənir. Filmin ideyasına görə, təbiətin bir parçası olan insan onu qorumalıdır. "Qırmızı bağ"ın yaxın zamanlarda ekranlara çıxacağı gözlənilir. Qeyd edək ki, ekran əsərinin çəkilişinə 2011-ci ildən başlanıb. Əvvəlcə bu iş "Salnamə" kinostudiyasına tapşırılmışdısa, sonradan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qərarına əsasən, "Azərbaycanfilm" kinostudiyasına həvalə olunub.

Mirbala Səlimli, filmin ssenari müəllifi və rejissoru: "Gəncədə qəhrəmanın komaya düşmə səhnəsi çəkilir. Gəncə səhnəsində qəhrəman psixoloji və fizioloji bir gərginliyə düşür, hətta ölüm anında olur, həmçinin buradan çıxır və həyatını davam elətdirir".

Filmdə təqribən 50 nəfər rol alıb. Baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev, Xanlar Həşimzadə oynayır. Filmin ssenari müəllifi və rejissoru Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, rəssamı isə Lyanid Karpovdur.

Milli.Az