Ukraynada öldürülən azərbaycanlı merin qatilindən xəbər var
3 Noyabr 2014 20:01
Məhkəmə Aleksandr Melnikin həbs müddətini iki ay uzadıb
Ukraynanın Poltava vilayəti, Oktyabr rayon məhkəməsi "Vizit" teleşirkətinin direktoru Aleksandr Melnikin həbs müddətini iki ay uzadıb.
Milli.Az-ın AzərTAc-a istinadən məlumatına görə, A.Melnik Kremençuq şəhərinin meri, həmvətənimiz Oleq Babayevin və Kremençuqdakı Avtozavodski rayon məhkəməsinin hakimi Aleksandr Lobodenkonun qətlində şübhəli şəxs kimi həbs edilib. Bu barədə Poltava vilayətinin prokurorluğundan məlumat verilib.
Prokurorluqdan bildiriblər ki, A.Melnikin barəsində məhkəmə tərəfindən əvvəlcə müəyyən edilmiş həbs müddəti noyabrın 3-də başa çatıb. Məhkəmənin qərarına əsasən, onun həbs müddəti iki ay uzadılıb. Bununla bərabər, məhkəmənin qərarında qeyd edilib ki, vəkillər bu qərardan apelyasiya şikayəti verə bilərlər.
Bu il iyulun 26-da yerli vaxtla saat 10:00 radələrində Kremençuq şəhərinin meri Oleq Meydanoviç Babayev öz evinin yaxınlığında güllələnib. Sentyabrın 4-də Ukrayna daxili işlər nazirinin müşaviri Zoryan Şkiryak bildirb ki, milis O.Babayevin qətlinin icraçılarını, habelə bu qətlin təşkilatçısını və sifarişçisini tutub. Sonradan merin qətlində əli olmaqda şübhəli bilinən Aleksandr Krıjanovski və yuxarıda adı çəkilən Aleksandr Melnik saxlanılıb.