"Haaretz": Azərbaycan-İsrail əməkdaşlığı əsl vətənpərvərlərin qürur yeri olmalıdır
3 Noyabr 2014 19:39
Azərbaycan İsrailin mühüm strateji tərəfdaşıdır və ölkəyə Dağlıq Qarabağa görə Ermənistanla münaqişədə təcavüzkar kimi baxılmamalıdır.
Trend xəbər verir ki, bu barədə Rəşad Kərimovun İsrailin nüfuzlu "Haaretz" qəzetində dərc olunmuş "Azərbaycan İsrail və beynəlxalq cəmiyyət üçün nə ilə yaxşıdır" məqaləsində deyilir.
Məqalə müəllifi bir müddət əvvəl qəzetdə dərc edilmiş Yair Oronun ("İsrail Azərbaycana silah satmamalıdır") məqaləsinə reaksiya verib. Onun sözlərinə görə, Y.Oron ictimaiyyəti çaşdırmağa və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə reallıqdan çox uzaq olan rəy formalaşdırmağa çalışaraq Azərbaycanla İsrail arasında strateji əməkdaşlığı pozmağa cəhd edir.
Müəllif yazır ki, son illərdə İsrail Azərbaycanın beş ən yaxşı ticarət tərəfdaşından biridir. Nəzərə almaq lazımdır ki, Bakı İsrailin neftə olan illik tələbatının təxminən 40 faizini ödəyərək onun neft təchizatçısıdır.
Məqalədə deyilir: "Azərbaycan, həmçinin 2000 ildən artıq bir dövrdə yəhudi icması üçün məskən olub".
R.Kərimov yazır ki, Azərbaycan yəhudiləri təhlükəsiz şəraitdə yaşayır, etiqad və mədəniyyət azadlığına malikdirlər. Bunu nəzərə alaraq Y.Oronun belə məqaləsini görmək kədərləndirir.
Müəllifin sözlərinə görə, hər şeyi öz adı ilə adlandırmaq çox vacibdir: "Ermənistan silahlı qüvvələri tərəfindən yeddi ətraf rayonla birlikdə hazırda işğal altında olan Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq tanınmış ərazisidir".
Məqalədə deyilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müharibə fazası insanlığa qarşı hərbi cinayətlərin törədilməsi dövrü olub: "Bu, İkinci Dünya müharibəsi dövründə nasistlər tərəfindən törədilmiş cinayətlərin analoqu olub. Lakin Oron Azərbaycan tərəfinin təcavüzün qurbanı olduğunu xatırlamır".
Müəllifin sözlərinə görə, bu gün Şərqlə Qərb arasında mühüm ticarət və enerji marşrutlarının kəsişdiyi nöqtədə yerləşən Azərbaycan Avropa və Asiya arasında təbii körpü və bütün region üzrə enerji və nəqliyyat dəhlizləri üçün qapıdır.
R.Kərimov yazır ki, bu, Azərbaycanı regional və beynəlxalq təhlükəsizlik baxımından keçmiş Sovet İttifaqının strateji baxımdan ən mühüm dövlətlərindən biri edir.
Bundan başqa, məqalədə deyilir ki, ABŞ-ın rəhbərlik etdiyi NATO missiyasının Əfqanıstana göndərdiyi yüklərin 30-40 faizi Azərbaycandan və onun hava məkanından keçir. Azərbaycan Əfqanıstanda enerjiyə və yol tikintisinə investisiyalar qoymaqla yanaşı, qanunsuz narkotiklərlə mübarizədə də Kabula yardım təklif edib.
Məqalədə qeyd olunur: "Azərbaycan böyük potensiala malikdir və regionda həqiqətən də mühüm rol oynayır. Beynəlxalq birlik son illər Azərbaycana böyük maraq göstərir. Və bu kontekstdə Azərbaycanla İsrail arasında bir çox sahələrdə, o cümlədən, müdafiə və təhlükəsizlik üzrə strateji əməkdaşlıq və qarşılıqlı anlaşma, bütün bunları çoxsaylı pozma cəhdlərinə baxmayaraq, həqiqi vətənpərvərlərin qürur yeri olmalıdır, əksinə yox".
Milli.Az