Goranboyda bir ailənin yeddi üzvünü öldürən qatilin ailəsində şok
3 Noyabr 2014 17:46
Oğlunun intihar etdiyini görən atasının da ürəyi partlayıb
Oktyabrın 1-də bir ailənin 7 üzvünü qumbara ilə partladaraq öldürən Goranboy rayon sakinin qardaşı intihar edib.
Anspress-in məlumatına görə, qətli törədən Rafiq Hüseynovun qardaşı 1984-cü il təvəllüdlü Hüseynov Müzəffər İsaq oğlu özünə qəsd edib.
R.Hüseynovun 1941-ci il təvəllüdlü atası İsaq Hüseynov oğlunun asılmış cəsədini görüb. Bundan sonra onun ürəyi partlayaraq ölüb.
Qeyd edək ki, hadisə oktyabrın 1-də, saat 05 radələrində Goranboy rayonunun Səfikürd kəndində qeydə alınıb.
Rayon sakini Diləzbər Məmmədovanın yaşadığı evə gəlmiş kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib. Ölənlərdən İ.Məmmədov 3 yaşlı olub.
R.Hüseynov könüllü olaraq Goranboy rayon polis şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib.
İlkin məlumata görə, hadisəyə səbəb qısqançlıq olub.