Azərbaycan XİN-dən Edvard Nalbandyana tutarlı cavab
3 Noyabr 2014 18:28
"Xalqların öz müqəddəratını təyinetmə hüququ beynəlxalq hüququn ali prinsiplərindən biridir. Beynəlxalq hüququn, xüsusilə, xalqların öz müqəddəratını təyinetmə prinsipinin siyasiləşdirilməsi və ondan siyasi möhtəkirlik məqsədləri üçün istifadə edilməsi qəbuledilməzdir. Təəssüf ki, biz Ermənistanın təcrübəsində bunun şahidi oluruq".
Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın xalqların öz müqəddəratını təyinetmə prinsipi haqqında söylədiklərini şərh edərkən deyib.
H.Hacıyev bildirib ki, BMT Nizamnaməsində xalqların öz müqəddəratını təyinetmə hüququ müstəmləkəçiliyə qarşı mübarizə və işğal altında olan və öz idarəçiliyi olmayan ərazilərə münasibətdə müəyyən olunub. 1975-ci il Helsinki Yekun Aktında isə deyilir: "BMT Nizamnaməsinin məqsəd və məramları və beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə həmişə uyğun şəkildə davranaraq, iştirakçı dövlətlər xalqların bərabər hüquqlarına və onların öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşacaqlar".
XİN rəsmisi qeyd edib ki, göründüyü kimi, öz müqəddəratını təyinetmə ərazi bütövlüyü hüququna və BMT Nizamnaməsinə ziddiyyət təşkil etməməlidir: "Ərazi bütövlüyü ilə əlaqədar isə Helsinki Yekun Aktında deyilir ki, dövlətlər digər dövlətin ərazisini birbaşa və ya dolayısı zor vasitəsilə hərbi işğal və ərazi əldə etmək obyekti etməməlidirlər. Həmçinin həmin sənəddə bu cür işğal və ya ərazi əldə edilməsinin qanunu hesab edilməyəcəyi bildirilir".
H.Hacıyevin sözlərinə görə, ümumiyyətlə, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş işğal, təcavüz və qanlı etnik təmizləmə əməllərinin fonunda xalqların öz müqəddəratını təyinetmə hüququndan danışmaq yersizdir: "Ermənistanın bu əməlləri xalqların öz müqəddəratını təyinetmə hüququnun təməl prinsipləri, mahiyyəti və fəlsəfəsi ilə ziddiyyət təşkil edir: "Edvard Nalbandyan ya bunları bilmir, ya da məqsədyönlü şəkildə beynəlxalq hüquq və xalqların öz müqəddəratını təyinetmə prinsipini siyasi möhtəkirlik obyektinə çevirir ki, bu da çox ciddi təəssüf doğurur".
Milli.Az