Dəfn zamanı artıq xərclərin qarşısı alınacaq

3 Noyabr 2014 17:34
"Yas mərasimlərinin təşkili ilə bağlı yeniliklər əhali arasında böyük məmnuniyyətlə qarşılanıb. Artıq belə mərasimlərdə israfçılığa yol verilmir. Bununla belə yas mərasimlərinə nəzarət daha da gücləndirilməlidir". Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, bu açıqlama ilə çıxış edən Qafqaz Müsəlmanlar İdarəsinin Şəki-Oğuz üzrə qazisi hacı Kamran Məmmədovun sözlərinə görə, hazırda bununla yanaşı, cənazənin dəfni zamanı tələb olunan xərclərin azaldılması da diqqət mərkəzindədir.

"Dəfn zamanı süni qiymət artımının qarşısını almaq üçün dəyişikliklərə ehtiyac var. Belə ki, qəbiristanlıqlarda dəfn yerinin hazırlanması zamanı istifadə ediləcək materialların xüsusi qiymət cədvəli ilə təsdiq olunması günün tələbidir. Məhz bu yolla artıq xərclərin qarşısını almaq olar".
Hacı Kamranın sözlərinə görə, Şəkidəki qəbiristanlıqlarda bu baxımdan vəziyyət qənaətbəxşdir: "Bu məsələ ilə bağlı sakinlər tərəfindən hər hansı şikayət daxil olmayıb".

Milli.Az