Şərəfli və əziyyətli iş - FOTO

3 Noyabr 2014 23:20

Gənc arıçı Məhərrəm Müzəffərov: "Bu peşənin vurğunu olmadan arının pətəyinə heç yaxın da gedə bilməzsən"

"Bəşəriyyətə Allahın lütfü". Bu sözlər artıq 1 aya yaxındır ki, davam edən bal yarmarkasında stendlərdən birində diqqətimizi çəkdi. Adi gözlə baxdıqda, bu cümləyə müxtəlif mənalar verə bilərik. Amma cümlənin qeyri-adiliyi ondadır ki, baş hərflərini bir araya topladıqda bal sözü alınır. Bal haqqında çox araşdırmalar aparılıb. Onun həqiqətən bizlərə verilən əvəzsiz nemət olduğu şübhəsizdir. Hətta araşdırmalar sübut edir ki, bal qədim dövrlərdən vacib qida hesab edilir. Misirdə bu neməti fironların piramidalarına yerləşdirirdilər ki, onlar o biri dünyada da bal yeyə bilsinlər. Düzdür, bal təbiətin arılar vasitəsilə bizə verdiyi nemətdir. Lakin bunu hazırlamaq, "arıdan bal almaq" heç də asan başa gəlmir. Bal haqqında bu qədər danışmağımız təsadüfi deyil. Sadə peşə adamı rubrikamızın bu dəfəki qonağı bu şərəfli vəzifənin icraçısı gənc arıçı Məhərrəm Müzəffərovdur.

"Arıçılıq mənə verilən mirasdır"

23 yaşlı gənc müsahibimiz arıçılıqla demək olar, uşaqlıqdan məşğul olub. Müsahibimiz deyir ki, arıçılıq sənəti onların ailəsində böyüklərdən kiçiklərə verilən mirasdır: "Gözümü açandan babamı, atamı arı saxlayan, arıdan bal yığan görmüşəm. Astarada bizim böyük arıçılıq təsərrüfatımız var. Əsrlərdən bəri babalarımız bu işlə məşğul olublar. Bu peşə bizə nəsildən-nəsilə ötürülüb. Mən də babalarım, atam kimi öz övladıma sənətimi miras qoyub gedəcəm".

Sənətinin sirlərindən danışan həmsöhbətimiz deyir ki, bu sənət o qədər incəlik, zəriflik tələb edir ki, peşənin həvəskarı olmadan nəinki bu işlə məşğul olmaq, heç arının pətəyinə belə yaxın gedə bilməzsən: "Arılar mənə həmişə sirli gəlib. Hər dəfə onlar haqqında nə isə öyrənirəm. Arılar haramı sevmir. Onlara yaxınlaşanda təmiz olmalısan. Arılar pak olmayan vəziyyətdə və pis niyyətlə yaxınlaşanda sanki hiss edirlər. Bu zaman hamısı birlik olub yaxınlarına heç kimi buraxmırlar. Arılara övladına göstərdiyin kimi qayğı göstərməlisən, qulluğunu tutmalısan. Arıya yavaş-yavaş, mülayim şəkildə yaxınlaşmaq lazımdır. Onları narahat etdikdə, insanı sancır. Həmçinin arının yeşiyini açmağın vaxtı var. Əgər gün olmasa, yağışlı havada qapağını açsan, arının sancma ehtimalı çoxdur. Bütün bunları bilmədən, riayət etmədən arıçı olmaq mümkün deyil".

"Bütün günümü arılara həsr edirəm"

İlk dəfə 13 yaşında arılarla "ünsiyyət"ə girdiyini söyləyən müsahibimiz başlanğıcda övladı kimi bəslədiyi arıların qəzəbinə tuş gəlib: "İlk dəfə arılara yaxınlaşanda qorxurdum. Onlar da sanki mənim qorxduğumu hiss edib üstümə hücum edirdilər. Hər dəfə əlim, qolum, gözüm şişirdi. Bir müddət keçdikdən sonra öyrəşdim. İndi arı çalanda nəinki şişmə, heç ağrısını belə hiss etmirəm. Bəzən olur ki, 10-15 arı birdən sancır". Peşəsinin çətinliyindən danışan Məhərrəm deyir ki, bu sənət heç kimə asan gəlməsin. Onun sözlərinə görə, arıçı olmaq böyük zəhmət tələb edir: "Arıçı nəslində böyüyən bir insan kimi deyə bilərəm ki, arıçılıq çox çətin peşədir. Ən çətini isə yayda o arılara baxmaqdır. Arılarla birlikdə onları qidalandırmaq üçün daim gəzirəm. Əsasən yay vaxtı onları dağa çıxarırıq. Arılar üçün ən yaxşı fəsil yaz-yay aylarıdır. Bu aylarda gül-çiçək bol olur. Ailə arıları 3 kilometrdən uzağa getmir. Çünki yığdıqları şirə ağırlıq eləyir, yükünü apara bilmir. Amma hara getsələr, mütləq geri qayıdırlar. Bəzən olur ki, bütün günümü arılara sərf edirəm. Əgər bir gün onlara diqqət göstərməsən, özbaşına buraxsan, bu zaman tələf olurlar. Qonduqları gülə qədər fikir vermək lazımdır. Arıçılıqla məşğul olmaq, həm əzab-əziyyətli, həm də çox şərəfli bir işdir. Bal arısının bal yığmaq üçün çəkdiyi zəhmət təbiətin insanlara bəxş etdiyi möcüzədir. Lakin arıçı peşəsi də elə arı zəhmətinə bərabərdir".

Təmiz balı necə fərqləndirək?

Balı bəşəriyyət üçün Allahdan göndərilən nemət adlandıran müsahibimiz onun faydalarından da danışdı: "Əbəs yerə deməyiblər ki, bal min bir dərdin dərmanıdır. Bu kəlamda heç bir mübaliğə yoxdur. Qan azlığı, immunitetin artırılması, mədə-bağırsaq, ağciyər və digər xəstəliklər zamanı bal çox faydalıdır. O ən ləziz qida kimi həm də uzunömürlülüyə gətirib çıxarır, onunla müxtəlif məlhəmlər hazırlanır. Bərəmum adlanan sarı mum daha çox müalicəvi xassəlidir. Nə dərəcədə düzgün, ya səhv olduğunu bilmirəm, amma bizim kənddə belə bir məsəl var ki, əgər Pifaqor bal yeməsəydi, 90 il yaşamazdı".

Təmiz balı fərqləndirməyin yollarından danışan müsahibimiz deyir ki, rayon adamları bal tanıyan olur. Amma şəhər əhalisi bunu fərqləndirə bilmir: "Biz arıçılıqla məşğul olduğumuz üçün bala baxan kimi onun təmiz və ya saxta olduğunu başa düşürük. Tərkibində müxtəlif qarışıqlar olan bal acı olur və ağızı büzüşdürür. Təmiz bal isə ağızda yağ kimi yayılır və sözün əsl mənasında bal kimi şirin olur. Bundan əlavə, balın təmizliyini onun ətrindən də müəyyən etmək mümkündür. Saxta bal ilə təmiz balı fərqləndirməyin ən yaxşı yolu isə, axşamdan 1 stəkan soyuq suya 1 çay qaşığı bal qarışdırıb gözləyirsən. Əgər səhərə kimi bal rəngini saxladısa, deməli, yaxşı baldır. Əgər şəffaflaşdısa, bu bal təmiz bal deyil. Rəngi boz bulanıq qalmalıdır".

Bala batan "balçı"

Məhərrəm baldan əldə etdiyi gəlir haqqında da bizi məlumatlandırdı. O deyir ki, ən baha satdığı bal 50 manat olub: "Balın kilosunu 25-30 manata veririk. Amma 50 manata da satdığımız olub. Bəzi satıcılar balı 15 manata verirlər. Bu qiymətə bal olmaz. O balda mütləq qarışıq olur. Çünki təbii balın 10-15 manata satılması mümkün deyil".

Müsahibimiz iş başında qarşılaşdığı hadisələrdən də danışdı. "Bala batmaq" ifadəsi sözün əsl mənasında Məhərrəmin başına gəlib: "Əvvəllər sənəti öyrənmək üçün arıçılıq üzrə mütəxəssis olan qohumumuz Arzuman dayının əlinə baxırdım. Bir dəfə o, balı kəsəndə o qədər diqqətlə baxdım ki, ayağım ilişdi, balın içinə yıxıldım. Başıma qədər bala batmışdım (gülür- A.Ə). Mənim səhvim ucbatından bir vedrə balı çölə atmışdıq. O hadisə heç zaman yadımdan çıxmır".

Kaspi.az

Böyütmək üçün şəkillərə klikləyin.