Böyükağa Hacıyev: "Baxarsız, bu xəbər sabah öz təsdiqini tapmayacaq"

3 Noyabr 2014 16:28

""Araz-Naxçıvan"ın dağılması xəbəri mənə çox ağır gəldi. Siz bilirsiniz ki, mən Naxçıvan futbol məktəbinin yetirməsiyəm. Bu məktəbin özünəməxsus işləri çox olub". Milli.Az xəbər verir ki, bunu apasport.az saytına "Araz"ın sabiq futbolçusu və baş məşqçisi olmuş Böyükağa Hacıyev deyib.
  

Topaz Premyer Liqasının debütantı və autsayderi olan "Araz-Naxçıvan" bu gün rəsmi saytı vasitəsi ilə fəaliyyətini dayandırdığını açıqlayıb. Klubun daxilində gedən proseslərdən hamı xəbərsizdi. Elə Hacıyev də bunu deyir: "Bu gün "Araz-Naxçıvan"ın baş məşqçisi, futbolçuları var. Bu sualı onlara verin. Mən bu gün klubdan çox uzağam. Klubun daxilində gedən proseslərdən xəbərim yoxdu. Ona görə də nəsə deməyim düzgün çıxmaz. Mən niyə sizi aldatmalıyam ki?"
  

"Neftçi"dən ayrıldıqdan sonra klubsuz qalan Hacıyev "Araz-Naxçıvan"ın rəsmi saytında gedən xəbərə inanmadığını bildirib: "Bilirəm ki, o klub heç vaxt dağılmaz. Muxtar Respublikanın elə rəhbərliyi var ki, işində çox səliqəlidi və ömrü boyu imkan verməz ki, "Araz-Naxçıvan" fəaliyyətini dayandırsın. Klubun rəsmi saytı bunu yazıb? Siz bir də yoxlayın. Mən buna inanmıram. Bilirəm ki, orada futbolu sevirlər. Ola bilər ki, bu, bir səhvdi. Heç inanmıram ki, onlar komandanı dağıtmaq haqda fikirləşsinlər. Bir az bu qərar mənə şübhəli gəlir. Baxarsız, bu xəbər sabah öz təsdiqini tapmayacaq".

Milli.Az