Minsk qrupunun həmsədrləri erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını dəstəkləyirlər
3 Noyabr 2014 14:10
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında keçirilmiş görüşdə böyük irəliləyiş müşahidə olunmayıb, lakin Fransa Prezidentinin böyük sülh sazişi üzərində işə başlamağın vaxtı çatdığı barədə bəyanatı artıq tərəqqidir. Trend-in məlumatına görə, bunu bazar ertəsi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov brifinqdə deyib.
Onun sözlərinə görə, hələ razılaşdırılmayan məsələlər üzərində işi davam etdirmək lazımdır.
E.Məmmədyarov qeyd edib ki, dekabrın əvvəlində İsveçrənin Bazel şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək: "İclas çərçivəsində Dağlıq Qarabağ münaqişəsi tərəflərinin XİN rəhbərlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü planlaşdırılır".
Nazir əlavə edib ki, danışıqların vacib şərti erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasıdır və vasitəçilər bununla razıdırlar.
Xatırladaq ki, oktyabrın 27-də Parisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşü olub. Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Prezidenti Serj Sarkisyan ilə görüşü keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yenidən birgə görüşü olub.
Daha sonra Fransa Respublikasının Prezidenti Fransua Ollandın, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə birgə görüşü keçirilib.
Milli.Az