Tbilisi-Kiyev təyyarəsi Şuşaya uçurmuş - Reportaj - FOTO

3 Noyabr 2014 13:42
"Taun"dakı Ramber olmadım

Getmək istəmirdim. Başqa ölkəyə səfər edəndə xəyalımdakı dəmir qapıların bağlananda çıxardığı vahiməli səs məni rahat buraxmır. İran yolçuluğu düşüncəmdə şırım açıb. O şırım Təbrizdən Biləsuvar keçid məntəqəsinə doğru uzanır. Əvvəl qaça-qaça gəldik, sonra uçduq. Çatanda saata baxdım, 40 dəqiqə gecikmişdik. İran Biləsuvarının sərhədçiləri vətənimə gedən yolun qapısını bağlayıblar. Çoxuq. Sərhədçilərdən biri qabağa yeriyib "olmaz" deyir, səbəbini soruşuram, "gecikmisiz" kəlməsi ağzından yerə düşür. Söz yerə düşdü, ona gözümün ucu ilə də baxmaram. Cavabım hazırdır: "Vətənimə getmək üçün saat qadağası qoya bilməzsən. Məhz sən qoya bilməzsən - başqa vətənin övladı". Qapılar üzümüzə açılır. Kamyunun "Taun" əsərinin jurnalist qəhrəmanı Ramberin taleyini yaşamıram.

Özündə Vətən yükü gəzdirən qadağa

Bu hadisə çoxdan olub. Nə olsun, səfərlərimə etdiyi mistik təsirin gücü azalmır ki, azalmır. Bakı-Tbilisi-Kiyev marşrutu üzrə yerdə və göydə olanda o mistik güclə bir-birimizə qoşulmuşduq. Mən deyirdim, o eşitmirdi, o deyirdi, mən eşidirdim. Hazırıydım. Özündə Vətən yükü gəzdirən qadağa ilə üz-üzə gələcəyimə əminiydim. Gəldim. Səfər yoldaşlarım olan peşə həmkarlarım yaşadıqlarımızı böyük peşəkarlıqla bircə-bircə yazıblar. "Azərbaycanlı jurnalistlər Kiyevdə  bayraq davasına qalxdı" xəbəri, fəxrlə adını çəkdiyim Xalid Kazımlının "Ceyhunun bayraq davası" köşəsi, o cümlədən Niyazın, Nicatın, Ruslanın, Günayın yazıları artıq danışmağa əl yeri qoymur. Əskik danışmaq da olmaz. Bir cümlə işlədim, sonra Kiyevin "Olimpiya" stadionuna girib, "Dnepr"-"Qarabağ" oyununa tamaşa edək, komandamızın 0:1 qələbəsinə sevinək.

Bayrağımıza baner dedi, cəzasını aldı

"Özünü Putin və Rusiya kimi aparırsan". Uzunluğu 5 metr olan bayrağımızı Kiyev polsinin əlindən bu cümlə aldı. Necə ki, bizə erməni deyərlər, təhqir sayılar, eləcə də ukraynalını rusa bənzətmək onları söyməkdir. Boy-buxununa görə nəhəng insan qarşımızda yumağa döndü. Bunacan bayrağmızı baner adlandırırdı. Utandırdıq onu. İzah etdik ki, bütün ölkələrin bayrağını tanımaq şərtdir. Əks təqdirdə səni savadsızlıqda qınayarlar. Azərbaycanın bayrağına gəldikdə, ukraynalılar onu tanımağa borcludur. BMT-nin Rusiyaya qarşı qətnamə çıxardığı iclasında bizim ölkəmiz rəsmi Kiyevi dəstəkləyib. Özü qabağımıza düşdü. Özü bayrağı "fanklubun" sektorundan asmağı tövsiyyə etdi.

"Dnepr" əvvəldən uduzacağını bilirmiş


Söhbət bitdi. Qalib gəldik. Baş məşqçi Qurban Qurbanovu alqışlarla qarşladıq. Ölkənin imza sahibi olan jurnalistlərinin gəlişi, alqışları, konfransdaca oxuduqalrı "Qarabağ" mahnısı... və Qələbə. Və QƏLƏBƏ Qurban bəydə böyük fərəh hissi yaratdı. Hələ üstəlik, qrupumuzun üzvü Cavid mətbuat konfransında dəyərli hocamıza tərcüməçilik də etdi. Sanki "Dnepr" uduzacağını bilirmiş. Rəhbərlik özünü çaşdıraraq, öhdəsinə düşən tərcümə problemini çözməyi bacarmayıb.

Oktyabrın 23-ü Şuşanı addım-addım gəzdik

Hər yazısında minlərlə adamı fikirləri ətrafına toplamağı bacaran azərbaycanlı jurnalistlər necə oldu Tbilisyə, oradan Kiyevə, ordan da Qarabağa getdi. Bəli, "Qarabağ"ın qələbəsi bizi Qarabağa apardı. Həmin gün - oktyabrın 23-ü bizim vaxtla gecə saat 1-də 15 jurnalist Şuşanı addım-addım gəzdi. Əvvəl düşüncədir, sonra sözdür, sonra hərəkətdir. Qarabağ bir saniyə olsun düşüncəmizdən kənarda qalmır. Sözümüzü də deyirik. Hər yerdə - masa arxasında, intellektual müzakirələrdə, idman yarışlarında... Hərəkətimizi də görəcəklər.

Gözəlin qayğısını çəkdiyi "Qarabağ" necə gözəl oynamasın?..

Bir statusun ətrafına toplaşdıq. Kim yazdı, kimlər "hazıram" cavabı verdi... bunu qabartmayaq. Kim dəstək verdi? Əsas sual budur. Necə dəstək verdi? Bu da əlavə sualdır. İkincidən başlayaq. Dəstək təmənnasız oldu. Getmək istəyirsiz? - buyurun. Bir neçə gün qalmaq istəyirsiz? - buyurun. Getmək, yemək, gəzmək, qalmaq onlarlıq oldu. Əvvəl "Azərsun Holdinq"  hə dedi, sonra "Akkord Sənaye Tikinti İnvestisiya Koorparasiyası". Çək-çevir olmadı. "Qarabağ"ın qələbədən-qələbəyə doğru irəliləməsində əsas rola sahib olan "Azərsun" şirkəti anındaca qərar qəbul etdi ki, səfər xərcimizin bir hissəsini dünyada adından söz etdirən "Azərçay" brendi öz üzərinə götürür. Zatən "Qarabağ" klubunun bütün xərclərini "Azərsun Holdinq" ödəyir. Şirkətin idarə heyətinin sədri Abdulbari Gözəlin, "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəlin komandamıza göstərdiyi qayğı ölçüyəgəlməzdir. Hər iki şəxsin komanda üzvüləri ilə söhbətlərinin şahidi olmuşam. Belə mühitdə qalib gəlməmək mümkünsüzdü. "Mən qabarlı əllərdən öpürəm" - Abdulbari Gözəlin fikridir. Belə düşüncə sahibinin qayğı göstərdiyi komanda niyə uduzsun ki?.. Necə deyərlər, söhbətin bu yerində "Azərçay"dan iki armudu stəkan içib, "Akkord"dan danışaq. Siz Allah bağışlayın, bir haşiyə çıxım: "Azərsun"un İctimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərovla tez-tez görüşürük. Afiq bəy fikir adamıdır, hər görüşümüzdə maraqlı ideyalar yaranır. Jurnalistlik fəaliyyətimdə bu ideyalardan yararlanıram. Nə vaxt otağına daxil oldum, Afiq bəy çay sifariş verir. Təbii ki, "Azərçay". Çox ləzzətlidir. Bu ləzzətin sirrini soruşuram, ardınca da özümü ağıllı göstəməyə çalışıram: "Hə, yəqin sudandı". Çayı gətirən xanım anındaca dillənir: "Xeyr, adi kran suyudur. Sadəcə 15 dəqiqə dəmə qoymaq lazımdır". Anladım: rəng deyil ki, çaynikə düşən kimi su qıpqırmızı olsun. Jurnalistlərimizi "Azərçay"dan içməyə çağırıram. Mümkünsə əvvəl Afiq bəyin otağında için. Qapısı jurnalistlərin üzünə həmişə açıqdır. 

Akkord" jurnalistlərə belə dəstək verdi

"Akkord" da qapılarını jurnalistlərin üzünə heç vaxt bağlamadı. Koorparasiyanın inşa etdiyi binalardan neçə jurnalist güzəştli şərtlərlə mənzil alıb. Şahidəm. İştirakçıyam. Qardaşıma "Gənclər şəhərciyi"ndə mənzil alanda ilkin ödənişdə xeyli güzəşt olundu. Adıma hörmət etdilər. "Akkord Sənaye Tikinti İnvestisiya Korparasiyası"nin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Afaq Quliyeva sevimli həmkarımızdır. Müxtəlif mətbu orqanlarda bir yerdə çalışmışq. Harda oldusa, yanımızda gördük onu. Bu dəfə də yanımızdaydı. Nicat Dağıların rəhbərlik etdiyi "Azerfax". az saytı ilə müqavilə bağlayıb, bizə yaxşı yol söylədilər.

Hər jurnalistə bir titul

Minnətdarıq, Afaq xanım. Minnətdarıq, Afiq bəy! Yolumuz yaxşı oldu. Bakı-Tbilisi qatarının bir vaqonunu ayırmışdılar. Necə də sevincliydik. Qarabağın arxasınca gedirik. Elçin Zahiroğlu - mətbuatımızın kübar ismi, Nicat Dağlar - jurnalistikamızın fədakarı, Elbrus Ərud - xəbərin ətriyyatçısı, Xalid Kazımlı - qələm ustalarının ustası, Niyaz Niftiyev - yazıları dualar qədər keçərli, Günay Yelmarqızı - televiyanın xəbər siması, Cavid Osmanov - səsli intellektimiz, Zəhra Rüstəmova - baxışı ilə yazan repartyor,  Günay Arda - şeirli jurnalist, İqbal Aslanov - müxbir mədəniyyətinə malik, Yaqut Məmmədova - susmağı ilə danışan, Ruslan Bəşirli - azadlıq sevdalısı, Anar Məmmədov - kriminalist jurnalist.  

Kiyev yerində addımlayır, Bakı irəli gedir

Qatar sərgüzəştimizdə qarşılıqlı hörmət və diqqət yüksək səviyyədəydi. Mafiya oynadıq - əsl kartlarla. Oxuduq - əsl səmimiyyətlə. Jurnalistkadan danışdıq - əsl sevgi ilə. Tbilisiyə ruhumuzun içində çatdıq. Arxayınıydıq: qalib gələcəyik.
Bir gecə Tbilisini gəzdik. Fikrimiz "Qarabağ"ın yanındaydı deyə, yata bilmədik. Həmin Tbilisidir - Bakıya uduzur. Səhər 6-30-da Kiyevə uçduq. Bura da həmin Kiyevdir - sovetdən bu yana donub qalıb. Deməli, Kiyev də Bakıya uduzur. Biz hər gün irəliyə gedirik, onlar hər gün yerində addımlayır. Əlbəttə, görkəmindəki qədimilik və ağaclar (fəslə uyğun çılpaq olsalar belə) adama sakitlik gətirir. Kasıbdırlar. Kasıblar sakit olar. Bakı adı eşidəndə, reaksiyaları belə olurdu: "Baku boqatıy qorod".
Doğrusu, Kiyevin adı dillər əzbəri olan yerlərini gəzə bilmədik. Öz adımdan deyirəm, qaldığımız otelin qarşısındakı meşə-parka getmək imkanı tapmadım. Səbəbini deməyəcəm. Özümüz bilirik.

Bilik Fondu Bilik Cəmiyyətini heyrətləndirdi

İmkan tapıb, Ukraynanın Bilik Cəmiyyətinin icraçı direktoru Kuşereç Vasil İvanoviçlə görüşdüm. Təmsil etdiyim Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu barədə ona geniş məlumat verdim. Qısa müddət ərzində xeyli layihə həyata keçirməyimiz V.İvanoviçdə heyrət yaratdı. Öyrəndim ki, onların cəmiyyəti ianələr hesabına fəaliyyət göstərir. Kasıb olduqlarına daha bir nümunə.

Adımıza yaraşmayan xarakter

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətovla görüşdən böyük zövq aldıq. Eynulla müəllimin nitqi olduqca cəzbedici idi və bunu xüsusi ilə qeyd etdik.
Ukrayna Azərbaycanlıları  Birləşmiş  Diasporunun sədri Hikmət Cavadov və təşkilatın üzvləri ilə görüşdük. Səliqəli ofisləri var, saytları, qəzetləri, internet televiziyaları fəaliyyət göstərir. Azərbaycan mətbuatı ilə birgə layihələrə hazırdılar.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin gecə saatlarında otelə gəldiyini səhər eşitdim. Bəzi həmkarlarımızla söhbət edib. Hikmət müəllimin rəhbərlik etdyi təşkilatdan gileylənib. Ucundan-qulağından mənə danışdılar, reaksiyam əlimi yelləmək oldu.

Qalibiyyət hörmət gətirir

Təəssüfümü "Dnepr" otelində Arif Aydının skayp zəngi dağıtdı. Arif hər yerdə vətəni özüylə gəzdirən adamdır. Odessadan Kiyevə gəldi. O gələndə yoxuydum. Görüşəndə təyyarəyə minməyimizə 3 saat qalmışdı. Özümdən danışdım, sizdən danışdım, Arifdən onu soruşdum. Dedi yaxşıyam. Vətəndən kim hara getsə, Arif onu qarşılaya bilər. Yola da sala bilir.
Borispol hava limanında onların vaxtıyla saat 20-20-dir. 20-40-da təyyarə qalxacaq. Tbilisə enəcəyik, ordan Bakıya doğru... Gecikməmək üçün tələsirik. Cəmi bir yoxlama məntəqəsi qalır. Biz tələsirik, Arif Aydın gecikmir.
Türkmən xanım "Sarı gəlin" oxuyur. Aydının qonağıdır. Çatıblar. Adam dairəsi yaratmışıq. Türkmən qız mahnını telefonda dinləyir, sonra oxuyur. Hava limanının türk işçisi alqışlayır. Dinləyicilər arasında "Sarı gəlin" üçün ağızarının suyunu axıdan coğrafi qonşularımız da vardı. Bir təyyarədə qayıtdıq. Susmuşdular.
Türkmən qızının oxumağını Zəhra xanım çəkib. Nədənsə yükləmək olmur. Olsun, Arif o səhnəni göstərmək üçün təşkil etməyib, istəyib ki, xatirəmizdə xoş iz buraxsın. Bu qədər sadə.
Ələsgər Süleymanovun gəlişi də o qədər sadə oldu. Adına sürpriz deyirlər, ondan oldu. Bəxtimə bax ki, Ələsgər bəyin də ziyafətində iştirak edə bilmədim. Zarafatla gileyləndi. Razılaşdıq, növbəti səfərə qalsın. Ora qayıdacağıq. Mədəni mühiti var. Oyundan sonra ukarynalılar bizi küçədə təbrik edirdi. Onların gözündə yaxşı oynamışıq. Açıq şəkildə dillərinə gətirirdilər. Qalibiyyət hörmət gətirir.

Muarremin qolu bizim ayağımıza dəyib, qapıya girdi

Düzünü blmək istəsəz, ağır səfər idi. Oktyabrın 20-dən 25-nə dək cəmi heç 24 saat yatmadıq. Min belə yuxu qurbandı Qarabağa. Hər şeyi bir qol unutdurdu - mənfi bir dərəcəlik şaxtanı, bayrağımıza qarşı zorakılıq cəhdini, Rövşənin qardaşına yönəltdiyi ağır ittihamları, azərbaycanlı azarkeşə atılan yumruğu, təyyarənin hava boşluqlarında (turbulentlik) yaşadığımız həyəcanlı anları, qayıdanda Tbilisi hava limanında avtobus tapa bilməməyimizin əsəbini Muarrem Muarremin "butsi"sinə bağışladıq. Topu o vurdu. Amma hansımızınsa ayağına dəyib, qapıya girdi. Bilmirəm Xalidinmi, Nicatınmı, Niyazınmı, Elbrusunmu, Elçininmi, Ruslanınmı, Anarınmı... Maradonna ingilislərin qapısına əliylə qol vuranda demişdi ki, "Tanrının əli" idi. Muarremin qolunu da jurnalistlərin ayağına yazdıq. 

6 noyabr azərkeşlik bayramıdır

Növbəti qələbəmizə 3 gün qalıb. Noyabrın 6-sı "Qarabağ"a dəstək" qrupunun bayramıdır. Bayram tədbiri Tofiq Bəhrəmov adına mərkəzi stadionda keçiriləcək. "Dnepr" gəlir. Gəlin öz sərhədimiz daxilində "Yaşa, Qarabağ" nidasını elə qışqıraq ki, orada Təbriz, orada Tbilisi, orada Kiyev... nəhayət orda-burda qalan İrəvan silkələnsin!

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.