Xalq artisti: "Düşünməyin ki, həmin adam sevgilimdir"
3 Noyabr 2014 14:43
Xalq artisti Nisə Qasımova küsülü həmkarlarından, qalmaqal edən ifaçılardan danışıb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Onlar" verilişinə açıqlama verən müğənni onu hansı məqamların əsəbləşdirdiyindən bəhs edib:
"Mənim üçün həyatda ən vacib şey münasibətdir. İllərini, zamanını, ömrünü sənətinə bəxş edən hər bir müğənni üçün bu, əsasdır. Oxumaq, verilişlərə dəvət sənətkara önəmlidir. Biri var, iki-üç il çalışan sənətçi, biri də var ki, 40 ildən artıq sənətdə ömür sürən ifaçı.
İstəmirəm ki, sənətkarlarımız vaxtından əvvəl solsunlar. Haradasa görüb salam vermirlər. Hanı sənin milli mentalitetin? Mən kiminsə qəlbini qırıramsa, gedib könlünü alıram. Ya mən hədsiz həssasam, ya da uzun illərdir axtardığım sevgini tapmamışam. Sənətkarlar arasında münaqişə ola bilər. Amma etika lazımdır. Biri-birinə düşmən kəsilənlər zaman gələr, dost olarlar. Ona görə də etikanı gözləmək vacibdir. Bunu mənə illər təsdiqləyib. Elə ifaçı olub ki, barışıq üçün ilk addımı mən atmışam. Biz bir-birimizin qəlbini sındıra-sındıra hara gedirik? Sonrada çıxıb "ailəm", "sənətim" deyirik. Elə müğənnilər var ki, danışmırıq, amma hörmətimizi saxlayırıq. Bu o demək deyil ki, ömürlük onunla düşmən kəsilmişəm. Qürur məsələsi də var. Nisə xanım qürursuz deyil ki, hədsiz günahkarı bağışlasın. Onda başımın üstündən keçərlər".
Nisə Qasımova plastik əməliyyatdan da danışıb. Bir müddət əvvəl plastik əməliyyat etdirəcəyini deyən müğənni bu fikrindən daşınıb:
"Yaxın bir insan icazə vermədi. O gözəl şəxsin adını çəkməyəcəm, dostumdur. Dedi ki, siz əməliyyat etdirsəniz, üzünüzün quruluşu itəcək. Düşünməyin ki, həmin adam sevgilimdir. Gözəl dost, ana, xanımdır. Bir az kökəlmişəm, pəhrizlə arıqlayacam". Milli.Az