Azərbaycanda 10 rayonun bankomatlarını talayan "iş" başında yaxalandı

3 Noyabr 2014 12:54
Qazax polisi əhalini aldadan "qəhrəman"ı elə iş başında yaxalayıb.

Bir neçə gün öncə Ağstafada vətəndaşları aldadaraq onların pulunu mənimsəyən dələduz haqda xəbər vermişdik. Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, bankomatların qarşısında dayanıb kömək etmək adıyla yaşlı insanları aldadan, onların pensiya kartlarından pulları çıxarıb qaçan "qəhrəman"ı Qazax polisi elə iş başında yaxalayıb.

Ağstafadan əvvəl 10 rayonda bu cür dələduzluq edib 45 nəfəri aldadan Asim Həsənov Yevlax rayon Aran qəsəbə sakinidir. 30 yaşlı Asim bundan əvvəl bu cür əməllərinə görə də məhkumluq həyatı yaşayıb. 2 ay öncə  həbsdən çıxdıqdan sonra isə əvvəlki "peşə"si ilə məşğul olmağa qərar verib. Paytaxt Bakıdan başlayıb Qazaxa qədər insanları talayan Yevlax sakini Ağstafada 3 vətəndaşın hesablarından müvafiq olaraq 132, 267 və 515 manat pul oğurlayıb. Qazax polisinin keçirdiyi əməliyyat nəticəsində Asim Həsənov Vaqif Yüzbaşıyevin hesabından 180 manat çıxararkən həbs edilib.

Yaşlı insanların etibarından istifadə edib çirkin əməlini həyata keçirən Asim Həsənovu Qazax Polisinin əməkdaşları saxlayarkən onun üzərindən 2200 ABŞ dolları və aldatdığı bir neçə şəxsin pensiya kartını götürüb. Hazırda onun digər cinayətlərdə əlinin olub-olmaması araşdırılır.

Milli.Az