225 nömrəli məktəbin şagirdləri müvəqqəti olaraq 53 nömrəli məktəbdə tədrislərini davam etdirəcəklər
Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti və güclü külək Yasamal rayonundakı 225 nömrəli tam orta məktəbə növbəti dəfə ziyan vurub.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, noyabr ayının 2-si və 3-ü havaların yağmurlu keçməsi ilə əlaqədar olaraq 225 nömrəli məktəbin dam örtüyündən 3-cü mərtəbəyə su sızması nəticəsində tavanın suvaq örtüyünə ziyan dəyib.
Qeyd edək ki, oktyabrın 19-u hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar məktəbin dam örtüyünün bir hissəsi sıradan çıxıb, bununla əlaqədar müvafiq ekspertlər araşdırma aparıb. Nəticədə şagirdlərin təhlükəsizliyinin təmin olunması şərti ilə məktəbin damının beton örtüyü dəyişdirilib. Hazırda məktəbin dam örtüyünün dəmir bərkitmə işləri gedir.
Təmir-bərpa işlərinin sürətlənməsi və tədrisin davamlılığını təmin etmək məqsədilə 225 nömrəli məktəbin şagirdlərinin müvəqqəti olaraq 53 nömrəli məktəbdə tədrislərini davam etdirmələri nəzərdə tutulub.