Bakıda piyadaları öldürən avtobus sürücüsü qandallandı

3 Noyabr 2014 12:24

Bakıda piyadaları öldürən avtobus sürücüsü saxlanılıb

Trend Bakı Şəhər Prokurorluğu və Baş Polis İdarəsinin mətbuat xidmətlərinin yaydığı birgə məlumata istinadən xəbər verir ki, paytaxtın Nizami rayonunun hüquq mühafizə orqanları tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadaların ölümünə səbəb olan sürücünün məsuliyyətə cəlb olunması təmin olunub.

Belə ki, noyabrın 1-də saat 17 radələrində Babək pospektində 1985-ci il təvəllüdlü Cəfərov Süleyman Vahid oğlunun idarə etdiyi 50 saylı marşrut xətti üzrə işləyən "Daewoo" markalı, 90-HA-841 dövlət qeydiyyat nişanlı avtobusla kobud şəkildə yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyadalar - 1982-ci il təvəllüdlü Rzayev Sahib Kamil oğlu və 1964-cü il təvəllüdlü Zeynalov Cabir Muxtar oğlunu vurması, sonuncuların aldığı xəsarətlərdən ölmələri faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayətin törədilməsində şübhəli bilinən S.Cəfərov tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Milli.Az