Noyabrın 2-də Ukraynanın separatçı Donetsk və Luqansk bölgələrində "parlament" seçkiləri keçirilib
APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, artıq rəsmi Moskva bu seçkiləri tanıyıb.
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, Rusiya qondarma Donetsk və Luqansk xalq respublikaları sakinlərinin seçiminə hörmətlə yanaşır.
"İndi ən vacib məsələ Ukrayna mərkəzi hakimiyyəti ilə Donbas nümayəndələri arasında dialoqun qurulmasıdır. Biz beynəlxalq tərəfdaşlarımızla Ukraynadakı vəziyyətin nizamlanmasına yardım etməyə hazırıq", - deyə Rusiya XİN-in bəyanatında vurğulanıb.
ABŞ isə bu seçkiləri tanımadığını bəyan edib. Ağ ev yanında Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Mark Strox bildirib ki, Vaşinqton qondarma Donetsk və Luqansk xalq respublikalarında keçirilən seçkiləri tanımayacaq.
"ABŞ dünya birliyini bu qondarma respublikalarında keçirilən seçkiləri tanımamağa çağırır. Bu cür seçkilər Ukrayna konstitusiyasına və sentyabrın 5-də Minskdə imzalanan razılaşmaya ziddir. Biz yenidən Rusiya və onu dəstəkləyən separatçıları Minsk razılaşmaları çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə çağırırıq", - deyə fikrini tamamlayıb.
Öz növbəsində Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerini bəyan edib ki, Avropa İttifaqı Ukraynanın şərqində keçirilən seçkiləri tanımayacaq.