Kanales "kanala düşdü"

3 Noyabr 2014 10:37

Topaz Premyer Liqasının 2012/13 mövsümünün ən məhsuldar futbolçusu olmuş Nikolas Kanalesin qol həsrəti başa çatıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, çilili hücumçu bir illik fasilədən sonra bu yay qayıtdığı "Neftçi"də ilk qollarını vurub.
 

XI turun AZAL-la qarşılaşmasının 57-ci dəqiqəsində meydana daxil olan cənubi amerikalı cəmi 14 dəqiqə sonra toru silkələyib. Kanales buna ölkəmizə qayıtdıqdan sonra keçirdiyi yubiley - 10-cu matçında nail olub.
 

2 avrokubok və 7 çempionat matçında üst-üstə 438 dəqiqə meydanda olan bombardir cari mövsümdəki qolsuz dəqiqələrini 452-də dayandırıb. Az sonra isə çilili dublunu da rəsmiləşdirib.

Nikolas "ağ-qaralar"ın heyətində son qolunu vuranda da dubla imza atmışdı. 2013-cü il mayın 4-də "Neftçi"nin "Qarabağ" üzərində 2:1 hesablı qələbəsinin memarı olan Kanales həmin görüşün 84-cü dəqiqəsində son nöqtəni qoymuşdu. Lakin 2012/13 mövsümünün son 3 qarşılaşması - iki çempionat və 1 kubok oyunundakı 300 dəqiqə qol həsrəti il başa çatmışdı. Bir sözlə, legioner 306 dəqiqəlik qolsuzluqla vətəninə yollanmışdı.
  

Noyabrın 2-də qola imza atan Kanales "Neftçi"nin heyətində 547 gündən sonra azarkeşlərini sevindirdi. Komandasında ardıcıl 12 qolsuz matç keçirən forvard bu formada 758 dəqiqəlik sükutunu pozdu.

Milli.Az