Bir məmura görə yolumuz niyə kəsilməlidir? - VİDEO - FOTO
3 Noyabr 2014 12:21
İşə getmək üçün hazırlaşmısınız, evdən çıxmısınız. Xeyli yolu gəldikdən sona gözləmədiyiniz bir yerdə tıxac olduğunu görürsünüz. Tıxac heç də maşınların çoxluğundan deyil. Sadəcə Yol Polisi əməkdaşı xidməti maşınını yolun ortasında saxlayıb nəqliyyatın keçməyinə imkan vermir.
Bu cür hallara Bakının yollarında hər gün rast gəlmək olur. Hər gün minlərlə insan iş yerlərində töhmət alır, işdən qovulur. Günahkar isə yol polisləridir. Sürücülərin: "Nəyə görə yolu bağlayırsınız?" - etirazına müfəttiş: "Tədbir var", - deyə soyuq bir tərzdə cavab verir. Bir qədər sonra isə yüksək çinli məmura məxsus xidməti avtomobilin qarşı tərəfdən keçdiyini görürük. Xalqa xidmət göstərmək üçün vəzifəyə təyin olunan məmurun haqqı varmı ki, xalqın yolunu kəsdirsin?
Belə hallardan biri də bu gün səhər saat 08:30-da Bakı Dairəvi yolu tərəfdə baş verib. 10 YP 399 dövlət nömrə nişanlı yol polisi avtomobili dairəvi yoldan şəhərə girən hissəni bağlayıb. Yarım saat ərzində yol bağlı qalıb. Sürücülərin etiraz edərək dayanmadan siqnal verməsindən sonra DYP maşını sakitcə yoldan çəkilərək gedib. Həmin maraqlı anları Milli.Az-ın əməkdaşı mobil telefonunun kamerası ilə qeydə alıb.
Teymur Hacıyev
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.