Bakıda gecə ev uçdu

3 Noyabr 2014 09:17

Hadisəyə yağan intensiv yağışın səbəb olduğu bildirilir

Gecə yağan yağış Bakının Yasamal rayonunda bir evin uçmasına səbəb olub. Hadisə vaxtı həmin mənzildə heç kəsin olmaması faciənin qarşısını alıb.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Bəşir Səfəroglu 152 ünvanında yerləşən, vətəndaşa məxsus fərdi yaşayış evi qəfildən çökməyə başlayıb. Bunu görən ətrafdakı insanlar Fövqəladə Hallar Nazirliyinə məlumat veriblər. Hadisə yerinə nazirliyin xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları cəlb olunublar. Bundan əlavə, dağıntılar altında insanların qalması ehtimal olunduğundan əraziyə xüsusi təlim keçmiş itlər gətirilib.

Hadisə yerinə ilk baxış keçirilən zaman məlum olub ki, çökən 1-mərtəbəli tikilidə yaşayış olmayıb. Verilən məlumata görə, çökən fərdi yaşayış evində uzun müddətdir ki, heç kim yaşamır. Hadisəyə səbəb kimi yağan güclü yağış göstərilir.

Milli.Az