Qara faciənin öləziyən ümidləri: o tabutlar yalandır

2 Noyabr 2014 17:23
Türkiyənin Karaman vilayətinin Ermenek rayonunda bir neçə gün əvvəl baş vermiş mədən qəzası ilə əlaqədar axtarışlar davam edir.

Anspress-in məlumatına görə, indiyədək mədəndə təcrid olan 18 nəfərdən heç birinə çatmaq mümkün olmayıb. Bunu hadisə yerində olan Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, axtarış işləri zamanı su əsas problem olmaqdan çıxıb, onun yerini palçıq alıb və oksigen miqdarının azalması müşahidə edilib. Mədənə enəcək şəxslərə mütləq oksigen maskasından istifadə etmək təlimatı verilib.

Taner Yıldız onu da bildirib ki, nəzərdə tutulan miqdarda su çıxarılıb, indi isə palçığın çəkilməsi istiqamətində işlər görülür. Səhər saat 4 radələrində mədənin ən uc nöqtəsinə qədər getdik, ümumilikdə 12 min ton suyun dörddə-üçü çəkilib, iş görülməsi üçün 300 metrlik sahə açılıb.

Türkiyəli nazir həmçinin bir neçə mədənçinin meyitinin çıxarılması ilə bağlı tabut şəkilləri ilə birlikdə yayılan məlumatları təkzib edib.

Milli.Az