Lalə Məmmədova 40 manat ziyana düşdü: "Balina çörəyi..." - FOTO
2 Noyabr 2014 13:01
Onları hər gün efirdə, qəzet və jurnal səhifələrində, saytlarda görürsünüz. Müxtəlif açıqlamalar verirlər, qalmaqal yaradırlar, bir sözlə - gündəmdə qalmağa çalışırlar. Maraqlananlar, pərəstişkarları onların ən adi hobbilərindən tutmuş, qarderoblarında belə nələrin olduğunu deyə bilərlər. Hətta nə vaxt yuxudan durub, nə vaxt yatdıqlarını, nə yeyib, nə içdiklərini belə mediadan gizlətmirlər.
Amma onların da asudə vaxtları, qayğıları olur. Onlar da hamı kimi dükan-bazara gedir, ərzaq alır, yemək bişirir, qonaq çağırır... Deyəsən, çox uzatdıq; qısası, lent.az-ın "Bazarlığ"ında şou-biznesin qalmaqallarından kənar gəzən, əməkdar artist Lalə Məmmədovadır. Görüşümüz isə Lalə Məmmədovanın yaşadığı evə yaxın ərazidə, supermarketin qarşısında oldu.
- Yalçın, açığı, evə bazarlığı 3-4 gün olar ki, etmişəm. Amma yenə də lazım olan məhsullar var ki, onları da bu gün alacam. Onu deyim ki, alış-veriş məkanına girdiyim və çıxdığım zaman Allahıma şükür edirəm. Ki, bu ruzini mənə verib. Mən bu ruzini öz zəhmətimlə qazanmışam. İkincisi, nə almağımdan asılı olmayaraq, hər bir məhsulun keyfiyyət nişanına diqqət edirəm. Xüsusi ilə də yeyinti məhsullarına. Çünki biz yediyimiz hər bir məhsul mədə-bağırsağımıza gedir. Belə deyək də, sağlamlığımızı riskə atmaq olmaz.
- Evdə alış-veriş işinizə özünüz baxırsınız?
- Əksər hallarda mən bazarlıq edirəm. Çünki xüsusi zövq alıram. Amma evdəkilər də alış-verişə gəlirlər. Məsələn, mən ət məhsulları almıram. Bu işə evdəkilər baxırlar. Çünki yaxşı əti onlar daha gözəl tanıyırlar.
- Daha çox hansı ət məhsullarına üstünlük verirsiniz?
- Yağlı ət almıram. Ailədə daha çox balıq məhsullarına üstünlük veririk. Elə bu dükanın balıq məhsulları satılan şöbəsində anamı və məni yaxşı tanıyırlar. Onu da deyim ki, valideynlərim indi sanatoriyadadırlar. İstirahət edirlər. Buna baxmayaraq anam balıq alıb, tədarük görüb, ehtiyat üçün buzxanada saxlayır. Mən indi buradan balıq alsam, onu evdə bişirən olmayacaq (gülür). Hamıya bir məsləhətim var. Ac olanda, marketə daxil olmayın. Çünki hər nə gəldi alırsan, sonra xarab olur.
- Maşallah, söhbətimiz uzandı, alış-verişimiz yaddan çıxdı. Nəhayət başlayaq. İlk öncə hansı məhsulları alacaqsınız?
- (Gülür) Hə, hələ heç nə almamışam, amma danışırıq. Başlayaq ağartıdan.
Dediyi kimi də edir. Ağartı məhsulları satılan şöbədəyik.
- Bax, burada pendir var. Ondan götürəcəm. İnanın, bu pendirdən 10 aylıq qızım Çinarəyə verirəm, elə yeyir ki... Heç öz yeməyini elə yemir.
- Övlad demişkən, Allah saxlasın, iki qızınız var. Olurmu ki, övladlarınızla bazarlığa gələsiniz?
- Böyük qızım Nərgizlə bazarlığa gəlməyi sevirəm. Marketdən içəri daxil olan kimi deyir ki, "ay ana, oyuncaq tapdım". Mən də onun istədiyi və ona xeyirli olan məhsulları alıram.
- Övladınıza qadağa qoymusunuz?
- Köklüyə meylli uşaqdır deyə, qadağa sırf yeməklə bağlıdır. Hansısa istədiyi məhsuldan çox yeyəndə kökəlir. Ona görə də çalışıram, yeməklərinə diqqət edim. Hə, indi çay alacam. Amma üstündə çaynik hədiyyə olanı istəyirəm. Çünki artıq evdəki çaynik qırılıb. Yeniləmək lazımdır.
Əməkdar artist satıcıya müraciət edir: "Xanım, sizdə üstündə çaynik hədiyyəli olan çay varmı?
- (Satıcı) Bəli, var.
Satıcı göstərdiyi hədiyyəli çayı bəyənmir...
- Yox, ondan istəmirəm. Yaxşısı budur, elə hədiyyəsiz götürüm.
2 kiloqramlıq çay, qəhvə götürüb, söhbət edə-edə yolumuza davam edirik...
- Çayla aram yaxşıdır. Amma elə də qəhvə içən deyiləm.
- Həm sənət, həm də ailə çətin deyil?
- Çox çətindir. İnanırsınız, bəzən çəkilişə gedirəm, yadımdan çıxır ki, ay aman, balaca qızımın yeməyini almamışam. Elə yarı yolda da zərli libasımla dükana daxil olub, yemək alıram. Daha sonra çəkilişə gedirəm. Əksər valideynlər kimi övladlarıma çox məsuliyyətlə yanaşıram. Düzdür, mən tək çatdıra bilmərəm. Çünki balaca qızım hələ 10 aylıqdır. Çəkilişlərdə olanda dayənin nəzarətində olur.
- Məşhurluğunuzdan narahat olmursunuz ki?
- Yox, ümumiyyətlə məşhurluqdan kompleksli insan deyiləm. Hər zaman özümə qarşı diqqət görmüşəm. Ona görə də cəmiyyətdə sıxılmıram. Tanınmağın da çərçivəsi var. Məsələn, elə insan olur ki, məni tanıyır, hörmətlə salam verir. Eləsi də olur ki, aşağı səviyyədə münasibət göstərir, ətrafındakına qışqırır ki, filankəsi gördün? Amma bütün hallarda məşhurluğumdan narahat olmuram.
Su məhsulları satılan şöbədəyik. Əlini piştaxtada olan mineral suya uzadır.
- Əsasən mineral sulara üstünlük verirəm. Qazlı meyvə şirələrini sevmirəm. Elə indi 3 ədəd mineral su götürəcəm.
3 ədəd mineral su götürür. Un məhsulları satılan şöbədəydik.
- O gün buradan bir çörək almışam, evdəkilərin xoşuna gəlib. İndi gərək o çörəkdən çox alım. Çox dadlıdır. İndi sizə də bu çörəkdən verəcəm, dadına baxarsınız.
Satıcıya müraciət edir: "O gün aldığım "balina çörəyi"ndən var?"
- Bəli, var.
- Zəhmət olmasa, 2 kiloqrama yaxın çəkərdiniz. Amma çəkmədən öncə bir parça kəs, jurnalistimiz dadına baxsın.
- Fərqli tamı var. Amma niyə "balina çörəyi" adlanır?
- Balina formasında hazırlandığına görə.
2 kiloqram çörək və lavaş alır. Artıq şirniyyat almaqdayıq.
- Deyəsən, şirniyyatla aranız yaxşıdır?
- Hə, şirniyyatı sevirəm. Şirniyyatsız günüm yoxdur. İndi də alacam. Ümumiyyətlə, insanın bədəni hansı məhsulu istəyirsə, onu da yeməlidir.
- Pəhriz saxlayırsınız?
- Desəm ki, ciddi pəhriz saxlayıram, yalan olar. Amma yeməyimə hər zaman xüsusi diqqət edirəm. Məsələn, çörək yemirəm. Onun əvəzinə lavaş yeyirəm. Özü də tünd rəngdə olan lavaş.
- Gün ərzində neçə dəfə yemək yeyirsiniz?
- (Bir az düşünür...) Nə bilim... Elə olur ki, gün ərzində bir dəfə yemək yeyirəm. Gün ərzində 5 dəfə də yediyim vaxtlarda olur. Amma çox az miqdarda yeyirəm. Səhnə adamı gərək yeməyinə, formasına xüsusi diqqət etsin. Mən də çalışdığım qədər diqqət edirəm.
- Ən çox sevdiyiniz yemək?
- Bütün yeməkləri xoşlayıram. Sevmədiyim yemək yoxdur.
- Belə deyək, əlinizin duzu var? Hansı yeməyi yaxşı hazırlayırsınız?
- (Gülür) Tərif kimi çıxmasın, həqiqətən də əlimin duzu var. Ən yaxşı plov hazırlayıram. Özü də çöl ördəyi ilə. Çox dadlı olur.
- Hazırlaya bilmədiyiniz yemək varmı?
- Hə, var. Məsələn, xəmir yeməklərindən hazırlanan yeməklərin bəzilərini bişirə bilmirəm. Bəlkə də bişirərəm, amma səbrim və vaxtım yoxdur ki, düşbərə bükəm. Qısası, xəmir yeməkləri mənlik deyil. Yadımdan çıxmışdı. Üzüm, banan, alma alım. Aaa, nə yaxşı, burada cənnət alması var. Çox xoşlayıram. Bir kilo alım. Meyvə-tərəvəzlə aram yaxşıdır. Amma indi nə alım? Əksəriyyətindən bir neçə gün öncə almışam. Xüsusən tərəvəzlərdən. İndi elə alma, banan, bir də nə alım? Hə, bir də üzüm.
Dediyi kimi də edir. Üzüm, alma, banan alır.
- Bazarlığa gedəndə alacağınız məhsulların siyahısını yazırsınız?
- Yox, təxmini yadımda saxlayıram. Ya da dükana gəlirəm, evə zəng edirəm, evdəkilərdən soruşuram. Yalçın, suxarı da alıb, alış-verişimizi yekunlaşdıraq. Məncə, bu gün xeyli məhsul aldım. Həm də tez yekunlaşdıraq ki, buradan dərhal çəkilişə yollanacam.
Alış-verişi yekunlaşdırıb, kassir xanıma yaxınlaşırıq.
Kassir xanım malları bir-bir hesabladıqca Lalə xanım pul kisəsinin ağzını açır və ödənişi kart və nağd pulla edir.
***
Beləliklə sonuncu məhsulun qiyməti də monitorda görünür və ödəniləcək toplam məbləğ bəlli olur: 40 manat 06 qəpik.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.