Kədərə qalib gəlmək mümkün deyil?

2 Noyabr 2014 00:30
İtki, münasibətlərin pozulması, yaxın insanın ölümü insanda dəhşətli bir kədər duyğusu yaradır. Həmin duyğu bəzən həyatın sonuna qədər də qalır. Belə hallarla rastlaşan adamlar iddia edirlər ki, kədər ömür boyu davam edir.

Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, alimlər kədərin nəyə görə belə uzun çəkdiyini araşdırmağa çalışıblar. Tədqiqatlar zamanı məlum olub ki, kədər bütün digər duyğulardan yüzlərlə dəfə çox davam edir. heç bir duyğu - nə sevinmək, nə qıcıqlaşmaq, nə darıxmaq, nə heyrətlənmək, nə də utanmaq hissi kədər qədər uzun sürmür. Əgər rəqəmlərlə göstərilərsə, kədər hissi sevinc hissindən 240 dəfə çox davam edir.

Belçikalı alimlər Saskiya Lavrisen Filipp Verdyun 223 nəfər Levena Universitetinin tələbəsini tədqiqata cəlb ediblər. Respondentlərdən xahiş ediblər ki, həyatlarında olan ən güclü emosiyaları haqda danışsınlar. Bundan başqa, tələbələr çətin vəziyyətlərdən necə çıxdıqlarını danışıblar.

Tələbələrin cavablarından məlum olub ki, hamısının həyatında ən uzun sürən duyğu kədər olub. Ən xırda kədər duyğusundan xilas olmaq üçün insana 120 saat vaxt lazım olub. Utanc və digər hisslərdən yaxa qurtarmaq bir qədər tez başa gəlib.

Nifrət hissi ən azı 60 saat davam edir. Ən böyük sevinc hissinin ömrü 35 saatdır. Darıxmaq hissinin də ömrü qısadır. Ancaq insanlar darıxan zaman onlara elə gəlir ki, zaman getmir.

Milli.Az