Azərbaycanda qoyunları vəhşi itlər parçaladı

1 Noyabr 2014 17:32
Son vaxtlar vəhşi heyvanların kəndlərə soxulması faktlarına tez-tez rast gəlinir. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, növbəti belə hücum Şəkidə olub.


Sahibsiz itlər kənddə İlqar Əhmədova məxsus 150 baş qoyun sürüsünə hücum çəkib. Hadisə yerinə gələn qonşular itləri sürüdən ayırmağa çalışıblar. Edilən bütün cəhdlərə baxmayaraq, qoyunlardan üçü ölüb, ikisi isə yaralanıb. Azğınlaşmış itlər hətta insanlara da hücum ediblər.
 

Sakinlərin sözlərinə görə, bu kənddə baş verən ilk hadisə deyil. Sahibsiz itlər günorta saatlarında belə mal-qaraya, hətta uşaqlara da hücum çəkir.
 

Sahibsiz heyvanların vurulması qadağan edildiyindən kənddə belə itlərin sayı getdikcə artır.

Qeyd edək ki, it dişləyən qoyunlarsa bir gün keçməsinə baxmayaraq hələ də quduzluğa qarşı vaksinasiya edilməmişdi. Cəsədlər də yandırılaraq basdırılmaq əvəzinə elə hadisə yerində olduğu kimi saxlanılırdı.

Milli.Az