Nazir və federasiya prezidenti "Baku World Challenge" yarışına hazırlıqla tanış olublar - FOTO

1 Noyabr 2014 17:10
Paytaxt Bakı bu günlərdə daha bir beynəlxalq turnirə - "Blancpain Sprint" seriyasından "Baku World Challenge" yarışlarının final mərhələsinə ev sahibliyi edir.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə "AzTexnika" şirkəti tərəfindən təşkil edilən yarış ərəfəsində - noyabrın 1-də iştirakçı avtomobillərin hazırlıq yürüşləri və təsnifat yarışları keçirilib.

Federasiyadan Trend-ə verilən məlumata görə, yarış meydanına gələn gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov yürüşə hazırlıqla tanış olublar.
 

Bildirilib ki, Bakıda keçirilən "World Challenge"in final mərhələsində 30 avtomobillə 15 beynəlxalq komanda, "Formula-1" yarışı üzrə 10, driftdə isə 5 pilot iştirak edir.

Pilotlar yarışda "BMW Z4", "Audi R8LMS Ultra", "Mercedes SLS AMG GT3", "McLaren MP4-12C", "Lamborghini LFII", "Porsche 997 GT3", "Aston Martin Vantage GT3", "Corvette Z06 G" kimi idman avtomobillərində mübarizə aparacaqlar.
 

Yürüş Xəzər dənizi sahili boyunca uzanan və Dövlət Bayrağı Meydanının ətrafında dövrə yaradan, yeni təmir olunan 4 kilometrlik dairə üzrə keçirilir.

Qalib komanda 100 min avro qazanacaq. İkinci yerin sahibi 50 min, üçüncü pillədə qərarlaşan komandaya isə 25 min avro mükafat veriləcək.

"Baku World Challenge" dünyanın 175-dək ölkəsinin televiziya kanalında nümayiş olunacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.