Borc içində üzən şou əhli - SORĞU

1 Noyabr 2014 16:00
Ölkənin əksər insanları kredit xidmətlərindən faydalanır. Sosial statusundan asılı olmayaraq krediti olmayan insanlara az rast gəlinir. Dəbdəbəli yaşayan, böyük layihələrə imza atan, bahalı maşın və lüks avtomobili olan, kənardan isə problemsiz görünən ölkənin tanınmış simalarının da kredit borcları olması danılmazdır
Milli.Az qafqazinfo-ya istinadən bu məsələni əsas tutaraq tanınmış simaların kredit borcları ilə maraqlanıb.

Əməkdar artist Abbas Bağırov

"Avtomobilimə görə kredit borcum var, amma çox az qalıb. Böyük bir məbləği ödəyib bitirmişəm. Gecikdirməyi sevmirəm".

Müğənni Natavan Həbibi

"Kredit həm yaxşı, həm də çox pisdir. Birincidən adamın işini asanlaşdırsa da, sonra faizi hesablayanda görünür ki, artıq pulun hesabı böyük çıxır. Mənim heç bir kreditim yoxdu. 2008-ci ildə bir maşınımı kreditə almışdım və kreditin nə olduğunu gözəl bilirəm".

Müğənni Ayan Babakişiyeva

"Mən heç vaxt kredit götürməmişəm. Düşünürəm ki, insanlar krediti ehtiyacları olduğu üçün götürür. Hər zaman borclu olmaqdan çəkinmişəm".

Rəqqasə Aytən

"Mənim kreditim yoxdur, heç kəsə də məsləhət görmürəm".

Müğənni Yaşar Yusub

"Kreditim əvvəl olub. İnsanlar ona görə kredit götürür ki, bu, daha rahat bir vasitədir. İnsanlara kreditsiz və hüzurlu bir həyat arzu edirəm".

Sevil-Sevinc bacıları

"Bir dənə də olsun kreditimiz yoxdu. Ürəyin nə istəyirsə, kreditə götürməsinlər, qoy gec alsınlar, amma kiməsə borclu olmasınlar. İnsanın harasa borcu olanda narahat olur, gecikmələrə görə həyəcan keçirir".

Prodüser Təranə Səmədova

"Düşünürəm ki, ölkənin 90 faizinin krediti var. Birinci günü öz verilişimdə elə bu məsələni müzakirə edəcəm".

Teleaparıcı Vüsalə Əlizadə

"Kreditim yoxdu, olsa da məsuliyyətli insanam. Birinci borcumu ödəyərəm".

Müğənni Xuraman Şuşalı

"Kreditim çoxdan olub. Ay ərzində 3 min manat ödəyirdim. Sağ olsun banklar, geciksə də, başa düşürdülər. Avtomobil kreditə götürmüşdüm. Ancaq əlimə çox pul gələndə artıq ödəyirdim. Ən çətin zamanda insanlar kreditə müraciət edir. Kredit götürəndə insanın bərəkəti qaçır. Mənim ruzi-bərəkətim kreditlə qaçdı. Krediti olan insan rahat yaşamır".

Aparıcı Elnarə Təhməzova

"Kreditə maşınlarım olub, ödəyib bitirmişəm. Heç vaxt banklarla problemlərim olmayıb. 2 ilə yaxındır ki, kreditə heç nə götürmürəm. Qismət olsa, kreditə heç nə almaram. Bizdə faizlər yüksəkdir, heç sərf etmir. Ölkə banklarında kreditlə bağlı ciddi problemlər var. Faizlər aşağı olmalıdır. Ən azından "sərfəli kredit" sözü reklam yox, həqiqi olmalıdır. Dünya kreditlə dolanır. Bəzilər kasıbçılıqdan, bəziləri isə daha artıq iş görmək üçün kreditə müraciət edir".

Müğənni Sevinc Ağaşirinova

"30 min dollara yaxın kreditim var, avtomobil kreditə götürmüşəm".

Rəqqasə Oksana Rəsulova

"Kreditin yaxşı və pis tərəfləri var. Yaxşı tərəfi odur ki, pul əldə az olan zaman sərf edir. Amma pul olmayanda ödəmək də olmur (Gecikmələr, faizlər və.s). Mənim də kreditim var, avtomobilimi kreditə götürmüşəm. Camaatda pul yoxdur, istədiyini ala bilmir". 

Aparıcı Samir Bayramlı

"Ən imkanlı şəxslərin də banka kreditləri olur. Bu, təbii və normaldır. Banka krediti olmaq anormal hal deyil. Anormallıq odur ki, kredit götürəsən və heç nə ödəməyəsən. Mənim avtomobilim kreditdədir".

Müğənni Yaşar Cəlilov

"Mənim avtomobilim kreditdədir. 3 illik götürmüşdüm, dekabrın 6-sı vaxtı bitir, başqa heç nə kreditə götürməmişəm. 55 min manat kredit götürmüşdüm".

Milli.Az