Qərb dəyərləri ilə yaşayan "Şərq"

1 Noyabr 2014 16:08

Qapıdan içəri yenicə daxil olmuşdum ki, Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının sədası qulaqlarımı çınlatdı. Səs çöl qapıya ən yaxın olan otaqdan gəlirdi. Bir qədər irəli addımlayıb içəri boylandım. Dörd qulaq pəncərənin kənarına qoyulan köhnə radiodan çıxan səsə diqqət kəsilmişdi.

İki nəfər arada bir musiqinin gedişatına uyğun olaraq operadan səhnələri musiqinin ahəngini pozmada xırda səslə müzakirə edirdilər. O dərəcə aludə olmuşdular ki, qapıdan içəri girdiyimi sezmədilər (Sonradan öyrənəcəkdim ki, bunlar hazırda Kapital Bankın media ilə əlaqələrinə məsul olan Yadigar Cəfərli və "Şərq"in ən vəfalı əməkdaşı Məlahət Rzayevadır).

İlk anda hara düşdüyümü şaşırdım. Azərbaycan mədəniyyətinin incilərindən hesab edilən parçaya bu səviyyədə bələd olmaları hürkütdü məni. Belə insanlarla çalışmaq, onlarla yan-yana durmağın ağırlığı basdı.

Lakin sonradan işləmək üçün "Şərq" qəzetini seçməyimdə bu amilin müstəsna rolu var idi.

Çünki bu səhnə qorxutduğu qədər də cəlb etmişdi məni. Bu insanların başqa məharətlərini görmək həvəsi yarandı içimdə, bu qəzetdən, onun əməkdaşlarından daha çox və daha tez öyrənəcəyimi anlamışdım.


Bir telefonun başında növbə tutan jurnalistlərin müsahiblərlə dialoqu isə ayrı aləm idi.

Haşiyə: O dövrlərdə (söhbət 2000-ci illərin əvvəllərindən gedir) redaksiyalarda jurnalist bolluğu olsa da, texniki avadanlıq sarıdan kasadlıq idi.


Yalnız efirlərdən gördüyüm, adını eşitdiyim, mənim, eləcə də sıravi vətəndaşlar üçün əlçatmaz olan, ictimai, siyasi, mədəniyyət xadimlərinə belə asan ulaşmaq, onlarla aparılan söhbətlər heyrətləndirmişdi məni.


Həmkarlarım razılaşar ki, belə mühit jurnalist kimi daha tez formalaşmaq üçün daha münasibdir. 

Azərbaycanda jurnalistikanın ən parlaq dönəmləri idi 90-cı illər, 2000-ci ilin əvvəlləri. 98-ci ildə senzuranın ləğvindən sonra rəqabət mühiti də artmışdı. Demək olar ki, hər gün yeni qəzet yaradılırdı.

"Şərq" qəzeti isə bu dönəmdə ən çox tələb olununan media qurumlarından idi. Bu da təbii ki, Jurnalistika fakültəsinin ikinci kurs tələbəsinin çiyinlərinə əlavə bir məsuliyyət qoyurdu.

Lakin mühit, peşəkar kollektiv, iclaslarda dartışılan mövzular, aparılan diskussiyalar vaxtından əvvəl "qoca"ldır səni, mehriban kollektiv isə ailə qayğısını unutdurur.

Daha bir özəllik: Adının "Şərq" olmasına baxmayaraq redaksiyada Qərb dəyərləri hakimdir. İclaslarda müzakirəyə daşınan mövzu ilə bağlı, demək olar ki, hərənin bir fikri olurdu və var.

Hətta seçkilər ərəfəsi də "Şərq"in özünün seçki qutusu olur. Hansı ki, redaksiyada keçirilən, seçki ilə dili desək, azad, ədalətli, şəffaf prosesdə hansı namizədin daha şanslı olması barədə ilkin rəy formalaşır.

"Şərq" fəaliyyətini yalız cəmiyyətin informasiya təminatına yönəltmədi. Həm də Jurnalistikanını ümdə prinsiplərindən olan və bu gün əksər media quruluşlarının unutduğu və ya məsuliyyətini dərk etdiyi səbəbindən uzaq qaçdığı maarifləndirmə işini də uğurla davam etdirdi.

Heç şübhəsiz ki, bu gün müstəqil mətbuatın öz ayaqları üzərində duruş gətirməsinin müşküllərini nəzərə alsaq, müəyyənləşdirdiyi yoluna, amalına sadiq qalması peşəkar imzaların əbədi yuvasına çevrilmiş "Şərq"in indiyə kimi duruş gətirməsinin səbəblərindən biridir.

18 yaşın mübarək, gənc İNSAN.

Sənə layiqli qocalıq diləyirəm!!!

Firdovsi Fərzəliyev

Milli.Az