Səadət Bənənyarlı: "Xədicə İsmayılova, ilk növbədə, hüquq müdafiəsinin nə olduğunu aydınlaşdırmalıdır"

1 Noyabr 2014 14:35

"Əgər Xədicə İsmayılova insan hüquqları ilə bağlı fikir bildirsə, ilk növbədə, fikirləşməlidir ki, necə fəaliyyət göstərir; o, jurnalistdir, yoxsa insan haqları müdafiəçisi?"

Bunu Trend-ə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun katibliyində təmsil olunan hüquq müdafiəçisi Səadət Bənənyarlı Xədicə İsmaylovanın "Azadlıq" radiosuna müsahibəsinə münasibət bildirərkən deyib.

S.Bənənyarlı qeyd edib ki, jurnalist ilə insan haqları müdafiəçisinin fəaliyyəti fərqlidir: "Bir adam eyni vaxtda iki kürsüdə otura bilməz. Ona görə də yaxşı olardı ki, Xədicə İsmayılova əvvəlcə yerini dəqiqləşdirsin ki, o, jurnalistdir, yoxsa insan haqları müdafiəçisi. Hüquq müdafiəçisidirsə, mən ona məsləhət görürəm ki, əvvəlcə hüquq müdafiəsinin, hüquq müdafiəçisinin vəzifələrinin nə olduğunu aydınlaşdırsın, insanları təhqir etməsin, obyektivliyi saxlasın. Mənim ona məsləhətim ancaq bu ola bilər".

O bildirib ki, Azərbaycanda insan hüquqlarının qorunması sahəsində mühüm addımlar atılır: "Elə fəaliyyətini bərpa edən İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun işi Xədicə İsmayılova kimilərə ən yaxşı cavab olacaq".

Milli.Az