Bakıda "Baku World Challenge 2014" cəlbedici finalı start götürdü - FOTO

1 Noyabr 2014 11:44
Bakıda "Blancpain Sprint Series"ın final mərhələsi olan III Beynəlxalq "Baku World Challenge 2014" avtomobil yarışı start götürüb.

Trend-in məlumatına görə, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə "AzTexnika" şirkəti tərəfindən təşkil edilən yarış noyabrın 2-də də davam etdiriləcək.

Tamaşaçılar iki gün ərzində sürətlərin, avtokarların və pilotların güzəştsiz, həyəcanlı və maraqlı rəqabətini izləyəcəklər. Mübarizə tamamilə yeni, xüsusi hazırlanmış dörd kilometrlik küçə yürüş yolunda peşəkar və yarımpeşəkar titullar uğrunda aparılacaq. Beynəlxalq Avtomobil İdmanı Federasiyasının yüksək sinif maşınları həmin yol üzrə məşhur "Bakı Kristal Zalı" və Dövlət Bayrağı Meydanının yanından keçərək şütüyəcəklər.

Yarışda 17 komandanı təmsil edən 30 avtomobildə 59 pilot iştirak edəcək. Onlar aşağıdakı avtomobillərdən istifadə edəcəklər: BMW Z4, Audi R8LMS Ultra, Mercedes SLS AMG GT3, McLaren MP4-12C, Lamborghini LFII, Porsche 997 GT3, Aston Martin Vantage GT3, Corvette Z06 G.

Bu gün sərbəst və təsnifat yarışları keçiriləcək. Bu yarışlar, həmçinin noyabrın 2-də də davam edəcək və saat 9.15-də başlayacaq. Əsas FIA GT Series yarışı isə sabah, yəni noyabrın 2-də keçiriləcək və saat 13.55-də başlayacaq.

Qalibin (komandanın) əsas mükafat fondu 100 min avro, ikinci yer - 50 min avro, üçüncü yer 25 min avrodur.

Tədbir Avropa, Yaxın Şərq ölkələrində, eləcə də Avstraliyada, Asiya, Amerika və Afrikada "Eurosport" kanalları ilə birbaşa yayımlanacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.