Azərbaycanda ovçuların nəzərinə
1 Noyabr 2014 12:29
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, keçirilmiş reydlər zamanı Zaqatala rayonunun Valdar kəndi ərazisində qanunsuz ovla məşğul olan Zaqatala rayonu Valdar kənd sakini Vüsal Əliyev və Ağcabədi rayonu Avşar kəndi ərazisində qanunsuz ov edən Ağcabədi şəhər sakini Həsən Məmmədov saxlanılaraq onlardan 2 ədəd ov tüfəngi və 29 ədəd patron götürülüb. İnzibati xətaya yol vermiş qanun pozucuları barəsində müvafiq qaydada akt və protokollar tərtib edilərək hər biri 1000 manat məbləğində cərimə edilib.
Samux Dövlət Ovçuluq Təsərrüfatının ərazisində keçirilmiş reyd zamanı qanunsuz ov edən Şəmkir rayon Kür qəsəbəsi sakini Rüfət Hüseynov və Bakı şəhər sakini Elnur Salahov saxlanılaraq onlardan 2 ədəd ov tüfəngi və 4 ədəd patron götürülüb. Qanun pozucuları barəsində müvafiq akt və protokollar tərtib olunaraq hər biri inzibati qaydada 1000 manat məbləğində cərimə olunub.
Digər reydlər zamanı Korçay Dövlət Təbiət Qoruğu ərazisində qanunsuz ovla məşğul olan Goranboy rayon Qazaxlar kənd sakini Mahir Xəlilov və Ağgöl Milli Parkının ərazisində qanunsuz ov edən İmişli rayonu Yalavac kənd sakini Gürşad Əliyev saxlanılaraq onlardan 2 ədəd ov tüfəngi və 2 ədəd patron götürülüb. İnzibati xətaya yol vermiş qanun pozucuları barəsində müvafiq qaydada akt və protokollar tərtib edilərək hər biri 1000 manat məbləğində cərimə edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması məqsədilə mütəmadi reydlər davam etdirilir.
Milli.Az