Rəqqasə Aytən: "Kişilərə lazım deyiləm..." - FOTOSESSİYA
1 Noyabr 2014 12:06
Rəqqasə Aytən: "Kişilərə lazım deyiləm..."
Vaxtilə oriyental rəqqasələr meydanda tüğyan edirdi. Zamanla ələnib seyrələn rəqqasələrdən bəziləri ictimai qınağı nəzərə alıb, milli və digər əcnəbi rəqslər oynamağa qərar verdilər. Rəqqasə Aytən isə peşəsinə sadiq qalmaq davam edir. Milli.Az bildirir ki, tabloid.az-a müsahibəsində rəqqasə bu və digər detallara toxundu. Bəzi sirləri açdı:
- Əvvəla onu deyim ki, Azərbaycanda oriyental rəqs məktəbi olmayıb. Xoreoqrafiya məktəbi olub. Orda ispan rəqsləri, balerinalar üçün, və milli rəqslər və s. öyrədilib. Hamı özü öyrənib. İndi-indi mən dərs deməyə başlamışam. 3 il Küveytdə dərs almışam. 2001-ci ildə Bakıya gəldim və qarşıma belə bir məqsəd qoydum ki, fiziki sağlamlığım imkan verənə qədər bu rəqslə məşğul olacağam.
Rəqqasələrin ələnməsinə gəlincə, bəzilərinin başqa rəqslərlə məşğul olmasının səbəbi məlumdur. Bir də bu sənətdə təzyiqlər istisna deyil. Ola bilsin ki, kimisə şəxsi həyatında maneələr olub. Sevdiyi şəxs imkan verməyib. Həmçinin kişi məclislərində vücudun bəzi hissələrinin açıq şəkildə oynamasının qəbul edə bilmədi. Amma həqiqət odur ki, rəqsin növündən asılı olmayaraq, rəqqasə səhnədə rəqqasədir. Ona başqa cür yanaşmaq olmaz. Əgər rəqqasə sənətini həqiqətən də sevirsə, sevdiyi insandan da keçə bilər. Bir də oriyental oynayanda bədənin müxtəlif hissəsi görünməlidir. Bunu üçün də formada qalmaq vacibdir. Bir az əvvəl məşq prosesimizi izlədiniz. İki nömrə oynadıq. Tərin-suyun içindəyik. Əcnəbi rəqslər arasında ən çətini budur. Enerji itiririk.
- Siz özünüzü sərt reaksiyalardan necə qoruyursunuz?
- Müşahidə edənlər bilir ki, mənim səhnə geyimlərim açıq-saçıq deyil. Əslində hər rəqsin öz geyimi olmalıdır. Hərdən məni qınayırlar ki, sən oriyental geyimlərdən kənara çıxmısan. O paltarların bəzilərinin modeli mənə məxsusdur. Bəzilərini isə türkiyəli rəqqasə Asenadan götürürəm. Asena ancaq mənə öz geyimlərinin modelindən istifadə etməyə icazə verir. Məsələn, Asenanın modelyeri ilə Didəm və ya Taniel işləyə bilməz. Asena həmin an modelyerlə işləməkdən imtina edər. Yəni onu demək istəyirəm ki, Asena özü məni modelyeri ilə tanış edib. Həm də onun tamaşaçısı onu orda, mənimki məni burda izləyir.
- Oriyental rəqqasə olmaq şəxsi həyatınızda, ailənizdə xoşagəlməyən hallar yaradıb?
- İlk qadağa ailəmdən olub, sərt reaksiyalar verirdilər ki, oriyental rəqqasə kimi efirə çıxmayım. Vaxtilə ailəmdən bu səbəbdən küsülü qalmışam. Axırda gördülər ki, peşəmə çox bağlanmışam, etirazlarını geri götürdülər. Bu gün ailəm yanımdadır və dəstəyini göstərir. Şəxsi həyatımda da ciddi problemlər yaşamamışam. Bir də tanınmış rəqqasə olduğum üçün hər məclisdə oynamıram ki, sevdiyim insan da hər çıxışımı söz eləsin, yaxşı münasibətimiz olmasın. Son vaxtlar daha çox qadın məclislərində çıxış edirəm. Belə məclislərdə özümü daha sərbəst, rahat hiss edirəm. Əvvəlki məclislərə məhdudiyyət qoymuşam.
- Necə olurdu əvvəlki məclislər?
- Daha çox kişilər olan məclislərdə olurdum. İndi onların hamısını yığışdırmışam. Bəzi yerlər var ki, ora tələbələrimi göndərirəm. Səviyyəli məclis başqadır. Pulunu verir, rəqsimi kənardan izləyir.
- Xanımlar həyat yoldaşlarının məclisdə oriyental rəqqasəni izləməsini yumşaq desək, bəyənmirlər. Amma dediniz ki, artıq qadın məclislərinə oryiental rəqqasələr dəvət edirlər...
- Sosial şəbəkələrdə ən yaxşı söz yazıb, sənəti dəyərləndirənlər daha çox xanımlardı. Məclislərdə də eyni münasibəti görürəm. Neçə illərin rəqqasəsiyəm, indiyə qədər görməmişəm ki, mən səhnədə oynayanda, yanındakı xanımı kişisini çimdikləsin. Üz mimikalarımla başa salıram ki, mən burada vücud deyil, rəqs göstərirəm. Mən özümə təlqin edirəm ki, kişilərə lazım deyiləm, çalışıram qadınları cəlb eləyim. Mənim digər rəqslərə həvəsim yoxdur.
- Yəqin ki, oriyental rəqqasələrin qınağa çevrilməsinin səbəblərindən biri masaları gəzib pul yığmasıdır?
- Bu gün məşhur olan rəqqasələrin çoxu vaxtilə oynadığı oriyental rəqslərinə görə tanınıb. Sona qədər gedə bilməyiblər. Bu, onun şəxsi seçimidir. Amma... (sükut)
- Açıb-ağartmaq istəmirsiniz?
- Əslində, heç kimdən qorxmuram. Lazım gələndə sözümü hamının üzünə demişəm. Yeri gələndə mənə ilişənin cavabını verə bilirəm. Sadəcə onu demək istəyirəm ki, heç bir rəqsi və ya rəqqasəni pisləmək lazım deyil. Bu rəqsin yaşı azdı. Sona qədər səhnədə qalıb oynamaq mümkün deyil. Mən bütün ərəb rəqsləri oynayan qızları dəstəkləyirəm.
- Müğənnilərdən plastikasını yaxşılaşdırmaq üçün Sizə müraciət edənlər olub?
- Əlbəttə olur, amma adlarını çəkməyəcəm. Özləri bunu desə, yaxşı olar.
Bir məsələyə toxunum. Mən müğənniləri qınamıram, iradım onları izləyənlərədir. Biri səhnədə oxuyanda bir az bədənini oynadan kimi onu topa tuturlar. Bu müğənnidir, oxuyursa, səhnə hərəkəti, aktrisalıq bacarığı olmalıdır. Elə oryientalı da bilməlidir. Bizim müğənnilərin konsertinə 20 manat verməyən tamaşaçılar Şakiranın konsertinin biletlərinə 1000 manat xərcləyirlər. Bəziləri borc-xərc içində gedib baxırdı. Həmin Şakira da səhnədə rəqs, şou göstərirdi, özü də açıq geyimlərdə. Dünya ulduzları obrazlarını geyimləri, rəqsləri ilə tamamlayırlar. Bizdə biri əlini qaldıran kimi lağa qoyurlar.
- Yeməyinizə çox fikir verirsiniz, yoxsa çox yeyib, kalorini oynamaqla itirirsiniz?
- Mən çox yemirəm. Axsam saat 7-dən sonra, ümumiyyətlə, heç nə yemirəm. Amma rəqsə fasilə verəndə kökəlirəm. Həyatda arığam. Amma efir məni 70-80 kilo göstərir. Artıq məni tanıyanlar həyatda məni arıq, efirdə kilolu izləməyə alışıblar. Geyimlərimə görə, bədənimi eyni ölçüdə saxlamalıyam.
- Necə vəziyyətdə səhnəyə çıxmaqdan imtina edərdiniz?
- Allah göstərməsin, şəxsi həyatımda ciddi bir şey baş versə, məcburiyyət də məni səhnəyə apara bilməz.
- Rəqqasə Fatimə ilə Oksana Rəsulovanın soyuq münasibəti hələ də davam edir. Siz bu haqda nə düşünürsünüz?
- Hər ikisinin xətri mənə əzizdir. Başa düşmürəm ki, onların mübahisəsi nə üstündə davam edir. Bir vaxtlar məndə də belə situasiya olub. O vaxt bir az uşaq psixologiyası var idi, kim incidirdi, həmin an cavabını verirdim. Səbirsiz idim. Amma indi sakit şəkildə izləyirəm. Aranı qarışdıranlar da var. Ya gərək gerçəyi ortaya qoyasan, ya da əhəmiyyət verməyəsən.
- Rəqs məktəbi açmısınız. Bildiyimə görə, sənətçilər də maraq göstərir.
- Gözəllik salonlarından birində dərs deyirəm. Əslində böyüklərdən çox uşaqlar istəyir öyrənmək. 7-8-9 yaş arasında. Amma mən uşaqlarla işləmirəm. Yəni yaşlarına görə onlara daha çox məşğul olmaq, dil tapmaq lazımdı. Məndə də o vaxt yoxdur. Ancaq 17 yaşından yuxarı xanımları qəbul edirəm. Müğənnilərdən də müraciət edənləri var. Bu rəqsi bilmək həm arıqlamaq, həm səhnə hərəkəti üçün vacibdir. Oriyentalı öyrənib gedib səhnədə belini əsdirmək vacib deyil. Mikrofonu tutarkən belə, incə əl hərəkətləri var, bu incəliyə qədər öyrədirik. Həm də bu rəqs həzm prosesinin yaxşılaşdırılmasına kömək edir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.