Tavan çökərkən atelyedə müştərilərin olduğu bildirilir
Bakıda atelyenin tavanı çöküb.
ANS TV-nin məlumatına görə, saat 12 radələrində baş verən hadisə nəticəsində obyektdəki mallara ziyan dəyib. Kiçik sahibkar olan Rəna Həsənova obyekti kirayə götürdüyünü deyir. Həmişəki kimi bu gün də otelyedə çalışanlar iş yerinə gəlib sifarişləri hazırlamağa başlayıblar. Təxminən 3 saat sonra isə hadisə baş verib. Rəna xanımın sözlərinə görə, hətta içəridə müştəri də var imiş. Onun obyekti tərk etməsi ilə tavanın çökməsi arasında, sadəcə, bir neçə saniyə fərq olub. Xoşbəxtlikdən çökmə nəticəsində xəsarət alan yoxdur.
Rəna Həsənova deyir ki, hadisə ilə bağlı Fövqalədə Hallar Nazirliyinə və Mənzil Kommunal İstismar sahəsinə xəbər verib: "Hazırda baş verən olayla bağlı sözügedən qurumlar məlumatlandırılıb. Amma buna baxmayaraq bir nəticə yoxdur. Artıq bina qəzalı vəziyyətdədir. Bina tam şəkildə çökə bilər. Burada insan faktoru var. İnsanlar bundan zərər görə bilər".
Obyekt sahibi Ruhangiz Ələkbərova da ərazidə idi. O, obyektin dərhal boşaldılmasını istəyirdi. Rəna Həsənova isə 15 gün möhlət verilməsini xahiş edirdi ki, sifariş aldıqları işləri birtəhər tamamlasın. Bir müddət sonra ərazi üzrə 28 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi hadisə yerinə gəldi. O, artıq tikiliyə baxış keçirildiyini və tezliklə problemin aradan qaldırılacağını dedi. Mühəndis, həmçinin binanın üst mərtəbələri üçün təhlükə yaranıb-yaranmayacağına da aydınlıq gətirdi.
28 saylı mənzil kommunal istismar sahəsinin mühəndisi İldırım Bəkirov qeyd edir ki, binanın zədəli yerlərini obyekt rəhbərilə birgə təmizləyib bərpa edəcəklər, hazırda yuxarı mərtəbədə yaşayan sakinlər üçün heç bir təhlükə yoxdur.
Təki deyilənlər həqiqətə uyğun olsun. Əks halda binanın üst mərtəbələrinin də çökməsi qaçılmaz olacaq.