Heydər Əliyev Mərkəzində "Baku World Challenge 2014" avtoyürüşünə həsr olunmuş mətbuat konfransı keçirilib - FOTO

31 Oktyabr 2014 21:00
Bu gün Heydər Əliyev Mərkəzində noyabrın 1-2-də Bakıda təşkil ediləcək "Blancpain Sprint Series"ın final mərhələsi sayılan III Beynəlxalq "Baku World Challenge 2014" avtomobil yarışına həsr olunmuş mətbuat konfransı keçirilib.

Trend-in məlumatına görə, yarış ölkəmizdə Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə "AzTexnika" şirkəti tərəfindən təşkil edilib.

Mətbuat konfransından sonra yarışda iştirak edəcək avtomobillər nümayiş olunub.

"AzTexnika" şirkətinin prezidenti Mənüçöhr Əhədpur Xangah bu tədbirin təşkilinə görə Azərbaycan dövlətinə, xüsusilə, Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

O qeyd edib ki, belə böyük idman yarışlarının Bakıda keçirilməsi Prezidentin rəhbərliyi altında aparılan uğurlu siyasətin və ölkənin inkişafının nəticəsidir: "Azərbaycan artıq bütün dünyada idman ölkəsi kimi tanınır. Təkcə ötən il "Baku World Challenge" auditoriyası 130 milyon nəfərdən çox olan 50-dən artıq ölkədə göstərilib. Əminəm ki, yarış avtomobil idmanını sevənlər üçün bayrama çevriləcək".
 

Azərbaycan Avtomobil Federasiyasının baş katibi Anar Şükürov bildirib ki, bu yarış Azərbaycan idmanının inkişafına töhfə verəcək və Azərbaycan yenidən dünyanın diqqət mərkəzində olacaq.

Onun sözlərinə görə, dövlət başçısı ölkədə idmanın inkişafına xüsusi diqqət yetirir və bu yarış daha bir parlaq göstəricidir: "Qeyd etmək lazımdır ki, 2015-ci ildə Bakıda I Avropa Oyunları keçiriləcək, 2016-cı ilə isə "Formula 1" yarışının keçirilməsi planlaşdırılıb".

"Blancpain Sprint Series"ın rəhbəri Stefan Ratel və yarışın promouteri Reno Janfils səmimi qəbula görə təşəkkürlərini bildiriblər və qeyd ediblər ki, "Baku World Challenge 2014" ən yüksək səviyyədə təşkil olunub. Onlar qarşıdakı yarışın uğurla keçəcəyinə və layiq olanın qalib gələcəyinə ümid etdiklərini bildiriblər.
 

Yarışda 17 komandanı təmsil edən 30 avtomobildə 59 pilot iştirak edəcək. Onlar aşağıdakı avtomobillərdən istifadə edəcəklər: BMW Z4, Audi R8LMS Ultra, Mercedes SLS AMG GT3, McLaren MP4-12C, Lamborghini LFII, Porsche 997 GT3, Aston Martin Vantage GT3, Corvette Z06 G.

Yarış Avropa, Yaxın Şərq, Asiya, Amerika və Afrika ölkələrində, o cümlədən Avstraliyada "Eurosport" telekanalları vasitəsilə canlı yayımlanacaq.
 

Tamaşaçılar iki gün ərzində sürətlərin, avtokarların və pilotların güzəştsiz, həyəcanlı və maraqlı rəqabətini izləyəcəklər. Mübarizə tamamilə yeni, xüsusi hazırlanmış dörd kilometrlik küçə yürüş yolunda peşəkar və yarımpeşəkar titullar uğrunda aparılacaq. Beynəlxalq Avtomobil İdmanı Federasiyasının yüksək sinif maşınları həmin yol üzrə məşhur "Bakı Kristal Zalı" və Dövlət Bayrağı Meydanının yanından keçərək şütüyəcəklər.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.