Türkiyədə müalicəsi başa çatan hərbçimiz sabah Bakıya qayıdır
31 Oktyabr 2014 17:30
Avqustun 9-dan Türkiyədə müalicə olunan Azərbaycan Milli Ordusunun yaralı hərbçisi Elvin Əsgərovun xəstəxanadan çıxdığını xəbər vermişdik.
Modern.az saytının məlumatına görə, Elvin Əsgərov sabah Türkiyədən Azərbaycana qayıdır.
Qarın nahiyəsindən ağır güllə yarası almış 23 yaşlı gizir Elvin Əsgərov Türkiyə Cümhuriyyəti Baş Nazirliyinə bağlı olan TİKA təşkilatının dəstəyi sayəsində Ankaradakı Atatürk Təhsil və Araşdırma Xəstəxanasında müalicəsini başa vurub. Elvin Əsgərov xeyli müddət idi ki, Ankarada müalicədən sonrakı reabilitasiya kursu keçirdi.
Elvin Azərbaycana onunla birgə Türkiyədə olan anası ilə qayıdır. Qeyd edək ki, Elvin Əsgərov bu il iyulun 31-də gecə saatlarında cəbhənin Goranboy istiqamətindəki döyüşlərdə ağır yaralanmışdı. O, həqiqi hərbi xidmətini başa vurandan sonra öz istəyi ilə manqa komandiri kimi Goranboyda müddətdən artıq hərbi xidmət keçirdi.
E.Əsgərov Sabirabad rayonunun Güdəzühür kəndindəndir. Hərbçimiz müalicəsini bitirəndən sonra yenə döyüş bölgəsinə getmək istəyir. O nişanlıdır.
Azərbaycanın 3 yaralı hərbçisi müalicə olunmaq üçün avqustun 9-da Türkiyə Cümhuriyyəti Baş Nazirliyinə bağlı olan TİKA təşkilatının dəstəyi sayəsində xüsusi tibbi təyyarə ilə Bakıdan Ankaraya aparılaraq, Atatürk Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilmişdilər.
Elvindən öncə hər iki ayağı amputasiya edilən 19 yaşlı əsgər Sərxan Tahirzadə də xəstəxanadan çıxarılıb. Həkimlər onun ayaqlarına protez qoyublar və Sərxan artıq sərbəst yeriyə bilir. O hazırda Ankarada TİKA-nın dəstəyi sayəsində reabilitasiya kursu keçir.
Ankarada müalicə olunan üçüncü əsgərimiz bir gözünü itirmiş Ədalət Məmmədovdur. Onun da səhhəti qaydasına düşüb.
Milli.Az