"Beloçka"nın "pulsuz dəqiqələri" - ARAŞDIRMA

31 Oktyabr 2014 16:38
Bol-bol hədiyyə vəd edən kuponlu günəbaxan paketləri barədə, yəqin ki, çoxunuz məlumatlısınız. Kiçik tumlardan böyük hədiyyələrin nə cür, hansı məntiq və qazanc məqsədilə əmələ gəldiyinə maraq göstərməmək mümkün deyil.

Əslində, çox vaxt qablaşdırmanın üzərinə "hədiyyəli" sözü yazılır, sonra aksiyanın müddəti başa çatır, "hədiyyəli" məhsullarsa satışdan çıxarılmır və nəticədə istehlakçılar aldadılır. Günəbaxan tumlarının uduşlu kuponlarında ən xırda əşyalardan tutmuş məişət avadanlıqlarına qədər çox şey, hətta avtomobil də vəd edilir. Amma bu vaxta qədər kiminsə günəbaxan tumu alaraq avtomobil qazandığını nə eşidən, nə də görən olub...

Bəs görəsən, qəpiyə satılan günəbaxan tumu üçün 100-150 min manatlıq avtomobilin uduşa qoyulması və bunun udulması nə dərəcədə realdır?

Marketinq üzrə mütəxəssis Samir Qasımov günəbaxan tumu istehsalçılarının hədiyyə kampaniyasını belə şərh etdi: "Tutaq ki, 10 tum paketindən 5-də müxtəlif hədiyyə var. O hədiyyələrin 5-nin minimal qiyməti 5 manat civarındadır. Tumun öz qiyməti isə 20 qəpikdir. 5 hədiyyənin qiyməti 10 tum paketindən iki dəfə baha çıxır. O zaman şirkətin yarı ziyanla işləməsi ortaya çıxır ki, bunu da heç bir müəssisə etməz. Hələ dəyəri min manatlarla ölçülən avtomobil hədiyyələrini demirik. Deməli, bu, yalan oyundur".

Qazanmaq əvəzinə itirmək

Şikayət olunan şirkətlərdən biri də günəbaxan tumlarının satışını həyata keçirən istehsalçı müəssisə "Ayan" MMC-dir. Belə ki, bu MMC aylardır ki, stimullaşdırıcı lotoreyalar üzrə "Al qazan - ani uduşlu dəqiqələr" "Beloçka"dan "Bakcell" abonentləri üçün kampaniyalar keçirir. Satışda olan bütün "Beloçka" tumlarının qabından istisnasız olaraq uduş kuponu çıxır və kupondakı 10 rəqəmli şifrəni yazıb Bakcell abunəçiləri 6070-ə qısa sms-lə göndərməklə pulsuz danışıq dəqiqələri əldə etmiş olurlar. Lotereyanın şərtlərinə əsasən, 6070-ə göndərilən SMS-lər pulsuzdur. Şərtlərə əsasən hədiyyə dəqiqələrindən bütün "Bakcell" abunəçiləri şəbəkədaxili 3 gün ərzində yararlana bilərlər. Lakin bu həmişə belə olmur. Bir çox istehlakçı deyib ki, "Beloçka"nın tumlarından çıxan həmin 10 rəqəmli şifrəni 6070-ə göndərsə də balansında heç bir dəyişiklik müşahidə etməyib. "Bakcell" abunəçisi olan istehlakçılar deyirlər ki, "Beloçka"nın içindən çıxan şifrəni yüklədikdən sonra balansı öyrənmək üçün *100# əməliyyatını həyata keçirərək balansı öyrənərkən artma əvəzinə bu əməliyyata görə daha 2 qəpik itirərək azalma müşahidə edirlər. Bəzi vaxtlar şifrəni yığdıqda balansa pul yüklənilmir və əksinə qazanmaq əvəzinə abonent SMS-ə görə 4 qəpik itirir.

"Bizimlə bağlı olan məsələ deyil"

Mövzu ilə bağlı "Ayan" MMC ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, toxunulan məsələdən xəbərdardılar və bununla bağlı onlara bir neçə şikayət daxil olub: "Bu, bizimlə bağlı olan məsələ deyil. Problem mobil operatorların göstərdiyi xidmətdədir. Biz həmin kampaniyaya xeyli miqdarda vəsait ayırmışıq. Bu, bizim firmanın reklamına xidmət etməklə yanaşı, həm də istehlakçıların "Beloçka"nı seçməklə az da olsa, qazanc əldə etməsinə xidmət edir. İstəməzdik ki, müştərilərimiz uğursuzluqla üzləşsinlər. Ona görə də bizə müraciət edən hər kəs barədə ayrıca araşdırma aparırıq. Və yüklənməyən pulsuz dəqiqələri balansa bərpa edirik".

"Lotereyalarda istehlakçılar aldadılır"

Qeyd edək ki, Azərbaycanda ani stimullaşdırıcı lotoreyalarla bağlı nəzarət mexanizmini həyata keçirən qurum Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və İqtisadi İnkişaf Nazirliyinin müvafiq strukturlarıdır.

Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə bu sahədə qeyri-qanuni hallara yol verildiyini, istehlakçıların aldadıldığını deyir: "Əslində, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bu sahəyə nəzarət etməyə başlayanda biz çox sevindik. Düşündük ki, müvafiq qurumlar bu sektordakı hərc-mərcliyə son qoyacaq və istehlakçıların aldadılmasına imkan verilməyəcək. Amma vəziyyətin müsbətə doğru dəyişdiyindən danışmaq olmaz. Çünki bugün ayrı-ayrı şirkətlər tərəfindən təşkil olunan stimullaşdırıcı ani lotereyalarda istehlakçılar aldadılır".

AİB sədri bildirir ki, istehlakçılar bu mövzuda hüquqlarını tələb etməkdən çəkinirlər: "Bunun başlıca səbəbi vətəndaşların məlumatsızlığıdır. Eyni zamanda, əksər müraciətlərin aidiyyəti qurumlarda cavabsız buraxılması da istehlakçıların həmin orqanlara qarşı etimadını azaldır. Bu baxımdan vətəndaş aldadılması barədə hansısa instansiyaya müraciət etməkdə maraqlı olmur".

Son qərar "Mister tum"la bağlı olub

Eyyub Hüseynova görə, uduşlu məhsul istehsal edən sahibkarların yalnız bir məqsədi var - müştəri cəlb etmək. Birlik sədri bu cür uduşlu məhsulları istehsal edən müəssisələrin uduş tirajı keçirib-keçirmədiklərinin araşdırılmalı olduğunu söyləyir: "Uduşlu məhsul istehsal edən istehlakçılar mütləq Qiymətli Kağızlar Komitəsindən lisenziya almalıdırlar".

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən isə "Beloçka" ilə bağlı onlara hər hansı müraciət və şikayət daxil olmadığını dedilər. Sonuncu dəfə isə bu qəbildən "Mister Tum"un keçirdiyi lotereya ilə bağlı qərar verdiklərini dedilər. Belə ki, komitə "Miste Tum" MMC-nin qeyr-qanuni stimullaşdırıcı lotereya keçirdiyini aşkar edib. Nəzarət tədbirləri nəticəsində "Mister Tum" MMC-nin stimullaşdırıcı lotereyanın keçirilməsinə hüquq əldə edilmədən başlaması müəyyən olunub.

Teleqraf.com