Qubad İbadoğlu Arif Hacılının cavabını verdi
31 Oktyabr 2014 16:22
"Verilən rəy gözlədiyimiz kimi oldu. Buna əvvəl də siyasi qiymət verilmişdi. Açıqlanan rəy həm Mərkəzi Nəzarət-Təftiş Komissiyasının müstəqilliyinə, həm də peşəkarlığına şübhələrimizi daha da artırdı".
Bu barədə Trend-ə Müsavat başqanlığa keçmiş namizəd Qubad İbadoğlu Mərkəzi Nəzarət-Təftiş Komissiyasına (MNTK) təqdim etdiyi arayışa verilən rəyə münasibət bildirərkən deyib.
Q.İbadoğlu bildirib ki, Müsavat Partiyasının VIII qurultayına hazırlıq, qurultayın işi və seçkilərin keçirilməsi zamanı baş vermiş pozuntulara dair arayışa MNTK adından təqdim edilən rəy hazırda araşdırılır: "Rəydə əksər məqamlarla razılaşmırıq. Bununla bağlı da öz rəyimizi hazırlayacağıq və noyabrın 8-də yekun mövqeyimizi sənəd şəklində Müsavat Partiyasının qərargahında görüş təşkil edib təqdim edəcəyik".
O, qurultaydan narazıların fraksiya yaratmasını da istisna etməyib: "Biz Müsavat Partiyasında fəaliyyətimizi davam etdirmək əzmindəyik. Bu istiqamətdə müxtəlif təkliflər var və onlardan biri də fraksiyanın yaradılmasıdır. Çünki bu da fəaliyyəti davam etdirməyin bir formasıdır. Hər halda ayın 8-dəki görüşdə biz həm də bu təklifləri müzakirə edəcəyik".
Qeyd edək ki, ötən gün MNTK-nın iclasında Q.İbadoğlunun qurultaydakı pozuntularla əlaqədar təqdim etdiyi arayışa baxılıb. Bildirilib ki, təqdim edilən arayış araşdırılıb və heç bir nizamnamə pozuntusuna rast gəlinməyib. Bütün iradlar sənədlərlə tədqiq edilib, hər hansı nizamnamə pozuntusu yoxdur.
Xatırladaq ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib.
Partiya başqanlığına A.Hacılı, Q.İbadoğlu, Tural Abbaslı və S.Əlisoy namizədliyini vermişdi. Lakin qurultayın gedişində S.Əlisoy namizədliyini digər namizəd Q.İbadoğlunun xeyrinə geri götürüb.
Q.İbadoğlu öncə Trend-ə müsahibəsində deyib ki, A.Hacılı öz potensialı, resursları ilə ona qalib gəlməyib.
Xatırladaq ki, 2001-ci ildə Müsavatın nizamnaməsinə edilmiş dəyişiklik eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayır və beləliklə, bu qurultayda İsa Qəmbər başqanlığa namizədliyini verməyib.
Milli.Az