Bakıda püskürən vulkanla bağlı aparılan araşdırmanın nəticəsi açıqlandı - FOTO
31 Oktyabr 2014 14:29
Bakının Binəqədi rayonunda Keyrəki palçıq vulkanının püskürməsi ilə bağlı aparılan çöl-tədqiqat işinin nəticələri açıqlanıb.
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin mühəndisi Arif Hüseynov Trend-ə bildirib ki, oktyabrın 12-də püskürən Keyrəki vulkanının brekçiya axını şimal-şərq istiqamətində olub. Vulkanda iki müxtəlif dil əmələ gəlib.
Çöl-tədqiqat işləri aparılarkən püskürmə sahəsi, onun gücü və brekçiyanın həcmi hesablanıb. Vulkan brekçiyası axınının üstündə müxtəlif radial çatlar əmələ gəlib. Çöl-tədqiqat işi zamanı əldə edilən məlumatlara əsasən, vulkan püskürməsinin 3D modeli, sxematik, relyef xəritələri qurulub.
Əldə olunan nəticələr əsasında və təhlil zamanı məlum olub ki, builki püskürmə nisbətən zəif olub. Püskürmə sahəsi 0,9 hektar, orta qalınlıq 0,8 m və yer səthinə çıxmış brekçiyanın həcmi 7896 kubmetr olub: "Palçıq vulkanı püskürdüyü sahədə çöl-tədqiqat işini aparan zaman yerli sakinlərin dediyinə görə və həmçinin əraziyə baxış zamanı bir evin divarında müxtəlif ölçülü çatlar aşkar edilib".
A.Hüseynov qeyd edib ki, Azərbaycanın tez-tez püskürən vulkanlarından biri olan Keyrəki vulkanının mütləq hündürlüyü 146 m, nisbi hündürlüyü 116 m-dir. Vulkan cəmi 18 dəfə püskürüb.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.